"Bu dəfə alınmasa, Levini qışda sifariş edəcəyik" Cari
mövsümdə çempionluğu hədəfləyən "İnter" bazar günü yarımcan "Qarabağ"a
uduzmaqla gələcəyə olan ümidləri şübhə altına saldı. Düzdü, "bankirlər"
90 dəqiqə boyunca rəqibindən heç də zəifoyun sərgiləmədi. Hətta onların
qol vəziyyətlərinin sayına görə ağdamlıları üstələdiyini deyə bilərik.
"İnter"li futbolçuların əlverişli vəziyyətləri boşa verməsi ötən
mövsümdən qalan xəstəliyə əlac tapılmadığı anlamına gəlir. Xüsusilə
iricüssəli Robertas Poşusun yeri görünürdü. Halbuki Kaxaber Tsxadadzeyə
lazım olmadığından komandadan kənarlaşdırılan futbolçu hazırda digər
təklifləri götür-qoy etməkdədi. Deyilənlərə inansaq, baş məşqçi litvalı
hücumçunu yenidən komandaya qaytarmaqda maraqlıdı. Sadəcə, onunla şərt
şumda kəsiləcək. Ki, növbəti dəfə daxili nizam-intizam qaydalarına əməl
etməsə, cəzalandırılacaq, yəni komandadan kənarlaşdırılacaq. Eşitdiklərimizin
nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək məqsədilə
"bankirlər"in prezidenti Georgi Nikolovla əlaqə saxladıq. Başqanla
söhbətdə Poşkusun gələcək taleyinə aydınlıq gətirməyə çalışdıq:
"Robertas bəyəndiyim futbolçulardandı. Ancaq indiki vəziyyətdə onunla
bağlı sizə dəqiq bir söz deyə bilmərəm. Poşkusun yenidən "İnter"ə
qayıtmaq perspektivi Kaxaber Tsxadadzedən asılıdı. Hansı futbolçunun
komandada olmasına baş məşqçi qərar verir. Bizim işimiz oyunçunun
müqavilə şərtlərini yerinə yetirmək və ona rahatlıq yaratmaqdı.
Tsxadadze onu istəmirsə, deməli, özünə yeni klub tapmalıdı. Sözsüz ki,
həmin klub bizə müraciət etməlidi". "İnter" rəhbərliyini narahat
edə biləcək daha bir məsələ Vladimir Levinin adı ilə bağlıdı. Düzdü,
yığmanın da şərəfini qoryuan futbolçu hazırda zədədən əziyyət çəkir və
onun müalicəsi ilə məşğuldu. Əslində zədəli futbolçulara bir çox
komandalarda rast gəlmək mümkündü və bunun da üzərindən ötmək olardı.
Lakin "bankirlər"in PFL-ə təqdim etdiyi 22 nəfərdən ibarət iştirak
ərizəsində Levinin adına rast gəlməyincə müəyyən şübhələr yaranır. İşin
tərsliyindən 27 yaşlı müdafiəçi ilə yerli klubların bir neçəsi
maraqlanır. Konkret "Xəzər Lənkəran" variantı daha ağlabatandı. Nikolovla
söhbətdə Vladimirin məsələsinə də aydınlıq gətirdik: "O hazırda
zədəlidi. Həkimlərin dediyinə görə, ən yaxşı halda ayyarımdan sonra
meydana çıxa bilər. Bu səbəbdən adını hələ ki sifariş ərizəsinə
salmamışıq. Avqustun 31-nə qədər vaxtımız var. Ehtiyac olsa, adını PFL-ə
göndərəcəyik. Alınmasa, qış fasiləsində sifariş edərik. Bir neçə gün
öncə zədəsini müalicə etdirmək məqsədilə Almaniyaya yola düşdü. Əsas
istəyimiz onun əvvəlki formasını bərpa etməsidi. O ki qaldı başqa
klublarla danışıq aparmasına, mən buna inanmıram. Əvvəla heç bir klub
zədəli futbolçu ilə maraqlanmaz. Digər tərəfdən Levinin "İnter"lə
müqaviləsi var. Bu fikirləri ortaya atanlar məntiqlə düşünsələr, yaxşı
olar. Bizim hələ ki Vladimiri buraxmaq fikrimiz yoxdu". "Bankirlər"in
avqustun son gününə kimi heyəti daha da gücləndirəcəyi inandırıcı
görünür. Xüsusilə adı çəkilməyən legionerlərlə anlaşacağı söhbət
mövzusudu. Adı "İnter"in transfer siyahısında hallanan futbolçulardan
biri də Dieqo Souzadı. Rednikə lazım olmadığından transferə çıxarılan
dayaq yarımmüdafiəçisi ilə bakılıların maraqlandığı deyilir. "İnter"in
prezidenti söylənilənləri təsdiq etdi: "Dieqonun oyununa xüsusi diqqət
yetirməmişəm. Ancaq baş məşqçimizin dediyinə görə, səviyyəli futbolçudu.
Elədisə, onu komandamızda görməyə yalnız şad olarıq. Gizlətmirəm,
onunla maraqlanmışıq. Sadəcə, Dieqonun "Xəzər Lənkəran"la müəyyən
problemləri var. Ona məxsus olduğu klubla çətinlikləri yoluna qoymağı
tapşırdım. Futbolçu Lənkəran təmsilçisi ilə ortaq məxrəcə gələ bilsə,
"İnter"də oynayacaq. Souza bizə azad agent statusu ilə lazımdı". Futbol+
|