"Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri «İnter»in futbolçusu Aleksandr Çertoqanovun bu gün verdiyi açıqlamaya münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətdə E.Əşrəfoğlu Çertoqanovu yalan danışmaqda ittiham edib. "Yığmanın baş məşqçisi Berti Foqts bildirir ki, Çertoqanovu zədəli olduğuna görə meydana buraxmır. Futbolçu hətta məşqlərə belə çağırılmır. Lakin Çertoqanov "Neftçi” ilə oyunöncəsi iddialı açıqlamalar verərək, komandasının qalib gələcəyini söyləyir. Üstəgəl bildirir ki, çox güman, "Neftçi” ilə oyunda əsas heyətdə yer alacaq. Əgər futbolçu zədəlidirsə, bəs, "Neftçi” ilə oyunda meydana necə çıxacaq? Deməli, Çertaqanov hamını aldatmaqla məşğuldur. O heç də zədəli deyil. Sadəcə olaraq "İnter”də oynamağı millidən daha üstün tutur. Deyəsən, Çertaqanov vaxtilə "Neftçi”nin heyətində çıxış etdiyini unudub.
"Məşhur Azərbaycan filmi "Axırıncı aşırım”da Kərbalayının İmana dediyi "sənin atan mənim mehtərim olub. Sən isə mənim sür-sümüyümlə böyümüsən. İndi nə tez mənim üzümə ağ oldun” sözlərini bütünlüklə Çertaqanova şamil etmək olar. Çertoqanov "Neftçi”nin çörəyini yeməsinə baxmayaraq, indi onun üzünə ağ olur. Biz də rəhbərlik olaraq "İnter”i özümüzə ciddi rəqib görmürük. Bu oyunda "Neftçi”nin qalib gələcəyinə şübhəmiz yoxdur. Bildiyimiz kimi, "Neftçi” Azərbaycanın futbolunun flaqmanıdır. Bu mövsüm də hədəfimiz ölkə çempionu olmaqdır. İnanıram ki, "Neftçi” çempion olaraq Azərbaycanı Avropada layiqincə təmsil edəcək».
|