"İnter" - "Bakı" qarşılaşmasında baş verən hadisələr gündəmdən düşmür. Hələ hakimin verdiyi ikinci penalti futbol ictimaiyyətində xeyli müzakirə olunacaq. Yığma komandamızın sabiq qapıçısı, hazırda "İnter"in şərəfini qoruyan Dmitri Kramarenko da matçla bağlı fikirlərini bildirib.Açıqlama verən təcrübəli qolkiper həmkarı Georgi Lomayanın penalti epizodunda bilərəkdən qaydanı pozmadığını deyib: "Ümumiyyətlə, qapıçı meydançasında qapıçı toxunulmazdır. Lomaya topa daha yaxın idi və artıq ona yiyələnmişdi. Sadəcə, həmkarımın səhvi onda ola bilər ki, havaya qalxarkən ayağını bir qədər təhlükəli açmışdı. Əslində, rəqib komandanın oyunçusu mübarizəyə qalxmamışdı. O, sadəcə cəhd etdi ki, topu vursun. Belə bir məqamda da Lomayanın ayağı onun sinəsinə dəydi. Qalmaqalın yaşanmasında ilk növbədə hakim günahkardır. O, bu epizoda daha yaxın idi. Açıq gördüyü epizoda qərar verməkdə çətinlik çəkdi, ona görə də, köməkçisinə yaxınlaşıb onunla məsləhətləşdi. Məncə, belə oyunların gənc hakimlərə tapşırılması düzgün deyil. Adətən, turun mərkəzi qarşılaşmalarında daha təcrübəli hakimlərə etibar edirlər. Məsələn, bu oyunu Fariz Yusifov, Anar Salmanov, Elçin Məmmədov rahat şəkildə idarə edə bilərdi. Gənc hakimləri bu cür oyunlara təyin etməklə onları təzyiq altında qoyurlar. Belə qalmaqaldan sonra hansı gənc hakim növbəti derbi matçına gedər?! Ramil Diniyev ikinci penalti epizodunda öz qərarını verə bilmədi. Haradasa, hakim seçim qarşısında qaldı. O, məsuliyyəti üzərindən atmaq üçün köməkçisinə yaxınlaşdı. Həmin epizodda penalti olub-olmamasını hakimin vicdadına buraxıram".premyerliqa.az
|