"İnter”in yarımmüdafiəçisi David Odikadze "Xəzər-Lənkəran”la oyun barədə danışdı, qarşıdakı "Qarabağ” ilə oyun haqqında və AZAL ilə keçiriləcək kubok oyunu barəsində fikirlərini açıqladı.
-"Xəzər-Lənkəran”la matç kifayət qədər mürəkkəb alındı. Bu qarşılaşma barədə fikirlərini bilmək istərdik. -Qarşılaşma kifayət qədər maraqlı və mürəkkəb alındı. Şəxsən mən "Xəzər-Lənkəran”ı hazırda Azərbaycanın ən güclü komandası hesab edirəm. Onlara qarşı səfərdə oynamaq ikiqat çətindir, buna görə də heç-heçəni çəkinmədən bizim üçün pis olmayan nəticə hesab etmək olar.
-Lənkəranda matçlar xüsusi atmosferə malikdir, stadion orada həmişə adamla dolu olur. Belə şəraitdə oynamaq çətin deyildi? -Dolu stadion və komandalarını dəstəkləyən azarkeşlər, təbii ki, bizim işimizi çətinləşdirir. Lakin digər tərəfdən də etiraf etmək lazımdır ki, belə şəraitdə oynamaq kifayət qədər xoşdur.
-Oyuna bir gün qalmış ad gününü qeyd etmişdin. Belə alındı ki, vurduğun qol ad gününə hədiyyə oldu. Bəs, komanda yoldaşların səni necə təbrik etdi? -Bütün uşaqlar ad günü münasibətilə məni təbrik etdilər. Lakin təəssüf ki, ad günümü qeyd etməyə azad vaxtım yoxdur. Ümid edirəm, tezliklə gec də olsa ad günümü qeyd edəcəyəm.
-Artıq şənbə günü komandanı "Qarabağ”la növbəti çətin matç gözləyir... -"Qarabağ” Azərbaycan futbolunun liderlərindən biridir və bizi kifayət qədər çətin qarşılaşma gözləyir. Biz hazırlaşacağıq və var gücümüzlə mübarizə aparacağıq.
-Azərbaycan Kuboku yarışları çərçivəsində AZAL ilə qarşılaşma da uzaqda deyil... -Deyim ki, AZAL ilə qarşılaşma bizim üçün ilin oyunu olacaq. Bu mövsüm biz hələlik onları məğlub edə bilməmişik. Bundan başqa, bir dəfə hətta onlara böyük hesabla məğlub olmuşuq. Bu vəziyyət AZAL ilə qarşıdakı matçların prinsipiallığını artırır. Həmçinin deyə bilərəm ki, Azərbaycan Kuboku avrokuboka düşmək üçün yaxşı imkandır.
|