Cahangir müəllim, ilk növbədə "İnter" – "Xəzər Lənkəran" oyunu haqda fikrinizi bilmək istərdik. - Bu komandalar arasında oyunlar hər zaman prinsipial xarakter daşıyıb, maraqlı və gərgin keçib. Bu dəfə də gözəl və açıq futbolun şahidi olduq. - Hakimlikdən razı qaldınızmı? - Bəli. Təşkilatçılıq və hakim idarəçiliyilə bağlı heç bir iradımız yoxdur. - Ötən mövsüm komandanız Avrokuboklardan kənarda qaldı. Bu mövsüm nə gözləyirsiniz? - Hesab edirəm ki, bu mövsüm komandanın gücləndirilməsi vacibdir. Obyektiv səbəblərə görə bunu lazımınca edə bilmədik. - Bəs, qış transfer dönəmində bu, mümkün olacaqmı? - Təbii ki, bu komandanın transfer planına daxildir. Növbəti transfer dönəmində heyətə yeni oyunçular cəlb olunacaq. - Komandanızın məqsədi nədən ibarətdir? - Həmişə olduğu kimi yenə iddialıyıq. Həm çempion olmalı, həm də kuboku qazanmalıyıq. Məqsədimiz yalnız uğur qazanmaqdır. Komandada hamı bunun üçün çalışır. İnşallah, istəyimizə nail olacağıq. Amma mövsümün sonunda hər şeyə aydınlıq gələcək. - Çempion olmasanız, bu faciə olmayacaq ki? - Əlbəttə ki, faciə olmayacaq. Bu, futboldur və burada həmişə məqsədə çatmaq mümkün olmur. "İnter" lider "Xəzər Lənkəran"la oyunda rəqib komandadan üstün oyun göstərərək, layiqli qələbə qazandı. Bununla Lənkəran klubunun məğlubiyyətsizlik seriyasına da son qoyuldu. Mənim üçün həm də gözəl oyun göstərmək önəmlidir. Etiraf edək ki, 7-8 il əvvəl belə yüksək səviyyəli oyunlar yox idi. Komandalar arasında rəqabət nəzərə çarpmırdı. İndi isə vəziyyət tamamilə fərqlidir. Yüksək səviyyəli oyunların olması futbolumuzun qələbəsidir. - "İnter" əvvəllər legionerlərə üstünlük verirdi. İndi isə yerli futbolçuların da xidmətindən faydalanılır. - Əvvəllər komandada legionerlərin çoxluğu ilə bağlı bizə çox irad tutulurdu. Ancaq bildirim ki, yerli futbolçuların yetişməsi üçün 5-6 il vaxt lazımdır. Onların özlərini göstərməsinə də fürsət verilməlidir. İndi görürsünüz ki, komandanın heyətinin yarısı yerli-gənc futbolçulardan təşkil olunub. - Çempionatın səviyyəsi haqda nə düşünürsünüz? - Bu haqda müsbət fikirdəyəm və çempionatın səviyyəsi məni tam qane edir. - Milli komandadan qarşıdakı oyunlarda nə gözləyirsiniz? - Yalnız uğur. - Sizcə, Berti Foqtsla yeni müqavilə bağlanmalıdır, yoxsa əvəzinə yerli mütəxəssislərdən olan Qurban Qurbanov gətirilməlidir?
- Bu haqda heç nə deyə bilmərəm. Milli komandaya baş məşqçi təyinatı yalnız AFFA-nın səlahiyyətinə aid məsələdir və son qərarı qurum rəhbərliyiverir.
supersport.az
|