Premyer Liqanın 14-cü turunun son görüşündə "İnter" və AZAL meydandan sülhlə ayrıldı. Premyerliqa.az xəbər verir ki, AZAL oyundan sonra protokola öz etirazını qeyd edib. Məsələ burasındadır ki, Samir Zərgərəvoun vurduğu qol zamanı AZAL-ın qolkiperi Cahangir Həsənzadə topu görməkdə çətinlik çəkib. Belə ki, Cahangir Həsənzadənin qapısı tərəfdə işıqlar yanmayıb. Ancaq "bankirlər" qol vurduqdan sonra işıqlar yandırılıb. Matçdan sonra isə AZAL tərəfi protokola öz etirazını qeyd edib.
Bu hadisələrdən sonra isə PFL rəhbəri Ramin Musayev AZAL rəsmisi Fikrət Hüseynov və Cahangir Həsənzadə ilə söhbət edib. Məsələni araşdırmağa çalışan Ramin Musayev hər iki AZAL-lını dinləyib.
Cahangir Həsənzadə həm baş hakim, həm də dördüncü hakimə işıqın yanmadığı barədə xəbərdarlıq etdiyini bildirib: "İşıq yanmırdı. Mən də Rövşənə yaxınlaşdım dedim ki, işıqlar yanmır. Yandırsınlar, sonra oyunu davam etdirək. Hətta dördüncü hakimə də bu barədə dedim. Ancaq fikir verən olmadı. "İnter" qol vurandan dərhal sonra isə işıqları yandırdılar".
Fikrət Hüseynov da məsələyə reaksiyasını bildirib: "Qələbəmizi əlimizdən almaq istəyirdilər. Belə şey olmaz".
|