"Oyun başlayandan meydanda birtərəfli hakimlik gedirdi. Ona görə də sonda belə qalmaqal yarandı”. Bu sözləri açıqlamasında "İnter” klubunun müdafiəçisi Xəyal Mustafayev deyib.
Premyer Liqanın III turu çərçivəsində "Şəfa”da keçirilən "İnter” – "Bakı” derbisi sonacan oynanılmadı. Belə ki, matçın son dəqiqələrində hakim ikinci dəfə "bankirlər”in qapısına penalti zərbəsi təyin etdi. Bununla razılaşmayan meydan sahibləri final fiti səslənməmiş meydandan yarımçıq çıxdılar.
Mustafayev bildirib ki, penalti epizodlarında hakimlər yanlış qərar veriblər: "Birinci penalti epizodu zamanı mübarizə gedirdi və top ələ dəydi. Başqa vaxt deyirlər ki, top əli tapıb. Bəs indi niyə belə demirlər? İkinciyə gəlincə, həmin epizodda qapıçı topu tutmuşdu. Bu zaman Nurlan balaca boyu ilə Lomayanın ayağı altına qaçır. Ay Nurlan, o balaca boyunla Lomayadan top alacaqdın? Yan xətt hakiminin istəyi ilə ona qırmızı vərəqə göstərildi. Onlar da "yaxşı” laynsmanlıq elədilər. Gözlərinin qabağında Elnur Abdulovu tutub saxladılar, bayraq qaldırmadılar, ancaq olmayan şeyə qırmızı verdirirlər”.
Artıq "İnter”in çempionatdakı çıxışını dayandıracağı ilə bağlı bəzi söz-söhbətlər yayılıb. Lakin futbolçu bununla bağlı rəhbərlik tərəfindən onlara heç bir söz deyilmədiyini bildirib: "İndi istirahətə buraxılmışıq. Bununla bağlı bizə heç nə deməyiblər. Nə qərar verəcəklərini də bilmirik. Ancaq biz hər zaman çempionluq uğrunda mübarizə aparacağıq”. apasport.az
|