Asif Məmmədov: «Mirça Rednikə sübut ediləsi heç nə yoxdu» «İnter»in yarımmüdafiəçisi Asif Məmmədovun klubun rəsmi saytına müsahibəsi - Mövsümarası transfer dönəmində "Xəzər Lənkəran"a keçdin, ancaq yenidən "İnter"ə qayıtdın. Buna nə səbəb oldu? - "Xəzər Lənkəran"a məni Ağasəlim Mircavadaov aparmışdı, lakin sonradan onun yerinə yeni məşqçi gəldi. Görünür, oyun tərzim yeni məşqçinin xoşuna gəlmədi. Nəticədə məni transferə çıxardılar və "İnter"ə qayıtmaq qərarına gəldim. - Qarşıda "İnter"i məhz son zamanlar heyətində oynadığın "Xəzər Lənkəran"la matç gözləyir. Bu məqam qarşıdakı oyunu sənin üçün xüsusi əhəmiyyətli edirmi? Olar bilər, lənkəranlıların məşqçisinə nəsə sübut etmək istəyirsən? - Xeyr, sübut ediləsi heç nə yoxdu. Sadəcə, oyuna xüsusi hazırlaşıram və mənim üçün adi qarşılaşma olacaq. Matç isə Azərbaycan çempionatının digər oyunları kimi özünə görə vacibdi. -Sən "Xəzər Lənkəran"ı daxildən yaxşı tanıyırsan. Yəqin komandanın zəif tərəflərilə də tanışsan. Qarşıdakı oyunda bunlardan istifadə etməyi düşünürsən? - Bilirsən, "Xəzər Lənkəran" daim dəyişir, buna görə də, komanda haqqında başqalarının bildiyi qədər məlumatlıyam. - Yeri gəlmişkən, son zamanlar icarəyə verilmiş hansısa futbolçunun razılığa əsasən keçmiş komandasına qarşı meydana çıxmaması halları artıb. Sənin icarə müqaviləndə belə maddə var? - Xeyr, mənim müqaviləmdə belə maddə yoxdu. "Xəzər Lənkəran"a qarşı oynaya bilərəm. - Lənkəranlılarla oyun barədə nə düşünürsən? Komandanın şansını necə qiymətləndirirsən? - Bizim üçün çox çətin olacaq, axı, "Xəzər Lənkəran" kifayət qədər güclü komandadı. Ancaq onu deyə bilərəm ki, komandaların qalib gəlmək şansı bərabərdi. Əminəm ki, bizi çox maraqlı oyun gözləyir.
|