AZAL-la görüşdə oyuna və qol epizodlarına görə üstünlük bizdəydi. Qalib gələ bilərdik. Oyunun taleyini birinci hissədə həll etməliydik. Çoxlu epizod qaçırdıq, əvəzində isə gözlənilmədən qapımızda qol gördük. Məncə, AZAL-ın vurduğu qolda oyundankənar vəziyyət vardı. Hesabda geri olsaq da, ruhdan düşmədik və cavab topunu vurduq. Ümumi oyunu və hesabı nəzərə alsaq, biz bir xal qazanmadıq, deyərdim ki, iki xal itirdik.
- «İnter» bu 5 turda göstərdiyi oyunla çempionluq uğrunda mübarizə apara bilər? - Niyə də yox? «İnter»in hədəfi həmişə çempionluq olub. Ötən mövsüm bu işin öhdəsindən gələ bilmədik və avrokuboklardan kənar qaldıq. Onda da oyunların çoxunda yersiz xallar itirdik. Həmin aqibətlə üzləşməməkdən ötrü xal ehtiyatını indidən yığmalıyıq. Mövsümün əvvəlində xal itkisi istər-istəməz bizə təsir edir. Uğursuzluq davamlı olanda isə komandamız özünə gələ bilmir və ondan sonra qələbə qazanmaq üçün növbəti oyunlara gərginlik altında çıxır. «Bakı» ilə oyundan sonra çempionatda fasilənin yaranması yerində oldu. Gürcüstandakı toplanışda həmin yaşanan hadisənin psixoloji yükünü üzərimizdən atdıq. İndi hər oyunda çalışırq ki, uğurlu nəticə əldə edək. Şüvəlana üç xal ardınca gəlsək də, ikisini itirdik. - Yayda klubunuz əksər legionerləri yola saldı və ondan sonra yerlilərə üstünlük verir. Ötənilki komanda indikindən güclü deyildi? - Əlbəttə, o güclüydü. Bəzən komanda güclü heyətlə də nəticə əldə edə bilmir. Ötən il güclü heyətə malik olsaq da, nəticə bunun əksinə oldu. Tsxadadze buna görə yerli futbolçulara üstünlük verir. Əvəzedicidən iki-üç nəfər komandaya cəlb olunub. Onlar da özlərini yavaş-yavaş göstərməyə çalışırlar. İndi heyət zəif olsa da, yaxşı oyun göstəririk. Mənə elə gəlir ki, geridə qalan turlarda pis nəticə göstərməmişik. - Yeni legionerlər sənə necə təsir bağışlayır? - Onlar hələ komandaya uyğunlaşmayıblar. Enyo Krastovçev ötən mövsüm AZAL-da çıxış edib. Onun uyğunlaşması elə də vaxt aparmayacaq. Sadəcə, oyun üslubu bizdə fərqli olduğundan, özünü göstərə bilmir. Zədəsini yenicə sağaldıb, hələ tam formaya düşməyib. Baş məşqçi ondan çox şey gözləyir. - Bilirik ki, gəldiyi vaxtdan Kaxaber Tsxadadze ilə futbolçular arasında narazılıq vardı. Həmin problem yenə qalır? - Onunla münasibətim yaxşıdı. O mənə qarşı laqeyd münasibət göstərməyib. Hörmətini saxlayıram, verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram. Oyunumdan razı qalıb-qalmadığını da özü deyə bilər. Onun emosional görünməsi çoxlarını aldadır. Amma həm məşqçi, həm də bir insan kimi Tsxadadzedən razıyam. - Komandada nə çatışmır? - Oyunumuz yaxşı alınır, hücumlara vaxtında sürətlə çıxırıq, təhlükəli qol vəziyətlərimiz çox olur. Amma qol vurmağa çətinlik çəkirik. O qədər fürsətləri qaçırmışıq ki, artıq söz tapa bilmirəm. Həmin fürsətlərdən yararlansaydıq, indi çempionatda ən çox top vuran komanda biz idik. Nəsə, bəxtimiz gətirmir. - Hücum xətti güclənməlidi? - Baş məşqçi daha yaxşı bilər. O da yəqin, problemi yoluna qoymaq üçün nəsə edəcək. Çünki biz qol vurmayanda, istər-istəməz rəqib istifadə edir, sonra işimiz bir qədər də çətinləşir. Yenə bunun üzündən xal itirdik. Bəlkə də qış fasiləsində zəif komandamız güclənsin, hücuma məhsuldar oyunçu gətirilsin. Bu, uğurlu nəticə qazanmağımız üçün yaxşı olar. Çempionat yenicə başlayıb. İndi hansı komandanın «altılıq»dan kənarda qalacağını demək tezdi. Hər şey ola bilər. Çünki komandaların səviyyəsi eynidi. Hamısı da «altılığ»a düşmək uğrunda mübarizə aparır. Bəzən heç gözləmədiyin halda, güclü ortababa uduzur. Bütün rəqiblərə eyni yanaşmaq lazımdı ki, gələcəkdə hər hansı biriylə üz-üzə gələndə, «yanmayasan». Mübarizəni sonadək hansı komandalar davam etdircəksə, onlar da liderlər qrupunda yer alacaq. - «Altılıq» siyahısında «İnter»i neçənci yerdə görürsən?
- İlk iki yerdə. Sözsüz ki, istəyimizə çatmaq üçün mübarizə aparmaq lazımdı. Oyuna görə özümüzü liderlər qrupunda görürəm. Bizdə çatışmayan cəhət qol fürsətlərini boşa verməyimizdi. Belə şeylər komandanın əleyhinə işləyir. Bunun acısını sonda çəkə bilərik. Ona görə də işimizi ehtiyatlı tutmalıyıq ki, liderlər qrupunda yer alaq. «Xəzər Lənkəran» mövsümə çox yaxşı başlayıb. «Qəbələ» də iddiasını ortaya qoyub. Keçən illə müqayisədə, indi mükafatlar uğrunda mübarizə daha gərgin keçəcək. Çempionluq uğrunda mübarizədə «İnter» də sona qədər vuruşacaq. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik ki, ötənilki uğursuzluğu həm azarkeşlərə, həm də rəhbərliyə unutduraq. penalti.az
|