"İnter”in müdafiəçisi Arif Daşdəmirov Premyer Liqanın 4-cü turundan təxirə salınan və dünən keçirilən "Sumqayıt Şəhər”lə oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb. - Bu mövsüm "İnter” zəif komandaları çox çətinliklə məğlub edir. Bu, nə ilə bağlıdı? - Kimə indi asanddı ki? Əsas odu ki, bu komandalarla oyunlarda xal itirmirik. Çətin oyun oldu. Amma buna baxmayaraq, layiqli qələbə qazandıq. Bu görüşdən 3 xalla ayrılmaq bizim üçün çox vacib idi. Gənclərdən qurulmuş yaxşı komandaya qarşı oynayırdıq. Hansı ki, sona kimi döyüşməyi bacarır. Bu gün həm də isti hava olduğundan, oynamaqda bir qədər çətinlik yaradırdı. - Bu oyunda vurduğunuz qol sizin üçün "İnter”də ilk idi?
- Bəli. Artıq ikinci mövsümdü burda çıxış etsəm də, qol vurmaq nəsib olmurdu. Ümumiyyətlə, uzaq məsafədən heç vaxt qol vurmamışdım. - Sizi bir neçə dəfə yığma komandaya dəvət etsələr də, hələ rəsmi oyunlarda debüt edə bilməmisiz...
- Bunun səbəbini heç özüm də bilmirəm. Bu, baş məşqçinin qərarıdı. Azərbaycan yığmasında oynamağı mən də çox istərdim. Amma buna görə küsmək fikrim yoxdu. - Qarşıdan gələn AZAL-la oyunu prinsipial saymaq olar? - Çox çətin oyun olacaq. Şüvəlanda oynayacağıq. Amma bu, heç nə demək deyil. Bizə istənilən halda qələbə qazanmaq lazımdı. Öz futbolumuzu oynaya bilsək, udacağıq. Onları səfərdə məğlub edəcək gücdəyik. - Turnir cədvəlində 9-cu pillədə yer almaq yəqin ki, xoşunuza gəlmirdi... - Əlbəttə, buna alışmamışıq və turnir cədvəlində alt pillələrdə yer almaq heç də xoş deyil. Amma gördüyünüz kimi, orda çox qalmadıq. Liderlər qrupunda qalmaq istəyiriksə, AZAL-ı məğlub etməliyik. Bizim yerimiz ancaq yuxarılardı.
- Yeri gəlmişkən, siz öz futbolunuzu oynamaqla qələbə qazanmaqdan danışdınız. Amma bu mövsüm "İnter”in hansı futbolu oynadığını söyləmək çətindi. Məsələn, elə "Sumqayıt Şəhər”lə oyunun ilk yarısında meydan sahibləri daha fəal idi. Siz yalnız fasilədən sonra üstünlüyü ələ bildiz... - Əlbəttə, elə məhz ikinci hissədə oynadığımız futbolu nəzərdə tuturam. İlk yarı heç də yaxşı alınmadı. Onu bir daha təkrarlamamalıyıq. Çünki digər rəqibləmiz elə şeyləri bizə bağışlamayacaq.
|