- Növbəti heç-heçə yenə "İnter”in dördüncü pilləyə yüksəlməsinə mane oldu... - Bizə AZAL-ı turnir cədvəlində qabaqlamaq üçün 3 xal qazanmaq hava-su kimi lazım idi. Amma gördüyünüz kimi, alınmadı. Eybi yox, taleyimizi qarşıdakı oyunlarda müəyyənləşdirməli olacağıq. Bugünkü oyuna gəlincə, öncə onu qeyd etmək lazımdı ki, hava çox isti idi. Biz altıdan sonra oynamağa adət etmişik. Bu gün isə hər şey fərqli idi. 15:40 futbol üçün qəribə zamandı. Meydana alışmaq da çətin idi. Özü də təkcə bizə yox, elə rəqibə də.
- "Neftçi”nin hətta ehtiyat oyunçularına da qalib gələ bilməmək nə dərəcədə üzücüdü? - Ehtiyat oyunçular o vaxt demək olardı ki, əvəzedici komandanı meydana buraxardılar. Futbol 22 oyunçudan ibarətdi. Onlardan da 11 nəfər çıxmışdı, bizdən də. Əksinə onların heyətindəki oyunçular hamısı özlərini baş məşqçiyə göstərmək istəyirdilər.
- Digər tərəfdən "İnter”in yorğunluğu da diqqət çəkirdi... - Düzünü deyim ki, yorğunluq həqiqətən özünü göstərirdi. Hətta orqanizm də soruşur ki, nə istəyirsiz məndən? Biz isə heç nə cavab verə bilmirik. Oynamalı oluruq. Qələbə qazanmaq vacib olsa da, uduzmamaq da pis deyil.
- AZAL-ın xal itkisindən demək olar ki, yararlana bilmədiz... - Belə xal itkilərinə biz də bu mövsüm çox yol vermişik.
- Bəlkə, əsas gücünüzü Azərbaycan kubokunun finalına saxlayırsız? - Kuboku qazanmaq təbii ki, hazırda bizim üçün əsas vəzifədi. Lakin bu o demək deyil ki, Premyer Liqaya heç bir önəm vermirik. Məsələ heç Avropa Liqasında da deyil. Əsas odu ki, nə qədər üst pillədə qərarlaşsaq, bizim üçün bir o qədər yaxşıdı.
mənbə azerisport.az
|