"İnter"in gənc futbolçusu Şəhriyar Rəhimov AZAL-la keçirilən görüş barədə danışıb.Klubun rəsmi saytına açıqlama verən futbolçu Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"lə keçiriləcək oyun barədə də fikirlərini bölüşüb. - 6-cı turda "İnter" AZAL-la qarşılaşdı. Bu görüş barədə sənin fikirlərini öyrənmək istərdik. - Bu görüş bizim üçün çox çətin alındı. AZAL-la oyun bizim üçün çox vacib qarşılaşma idi. Birinci hissədə biz çox gözəl oyun sərgilədik və bir neçə qol epizodu yarada bildik, lakin çox təəssüf ki, bu epizodlardan istifadə edə bilmədik. İkinci hissəyə komandamız çox uğursuz başladı, bunun nəticəsində rəqib qol vurdu. Amma sonra təşəbbüsü ələ almağı bacardıq və hesabı bərabərləşdirməyə nail olduq. - Növbəti turda komandanı "Kəpəz"lə oyun gözləyir. Bu görüş barədə nə deyə bilərsən? - Bu görüşə ancaq qələbə əzmiylə çıxacağıq. Qeyd etmək istərdim ki, bu turda əsas rəqiblərimiz və çempionluğa əsas namizədlər öz aralarında qarşılaşırlar. Biz də "Kəpəz"i məğlub edərək həm xal ehtiyyatımızı artırmaq, həm mövqemizi yaxşılaşdırmaq, həm də liderlərə yaxınlaşmaq istəyirik. - Komanda bu qarşılaşmaya necə hazırlaşır? - Hər zaman olduğu kimi, yaxşı hazırlaşırıq. Məşq edirik və məşqçinin tapşırıqlarını yerinə yetiririk. İnşallah oyuna hazır çıxacağıq. - Uğursuz startdan sonra komanda tədricən özünə gəlməkdədir. Sənin fikirincə, növbəti oyunlarda "İnter" bundan da yaxşı oyun sərgiləyə biləcəkmi? -Əlbəttə. Biz irəlidə daha yaxşı oynaya bilərik, ona görə ki, futbolçular bir yerdə nə qədər çox oyun keçirərlərsə, o qədər də onlar arasında olan anlayış artır. Gələcəkdə biz daha məzmunlu və daha gözəl futbol sərgiləyə bilərik.
|