"4 mövqedə oynaya bilirəm" Ötən mövsüm başa çatandan sonra
"İnter” əvvəlki ənənəsini pozaraq, birdən-birə yerli futbolçuları
heyətinə qatmağa başladı. Bunlardan biri də Ruslan Poladov oldu. Əslində
Poladovun "Xəzər Lənkəran”da qalacağı gözlənilirdi. Ancaq son anda o da
"bankirlər”in düşərgəsinə təşrif buyurdu. Belə götürəndə "İnter” Ruslan
üçün yad komanda deyil. Poladov məhz bu komandanın heyətində tanınıb,
milli komandaya dəvət alıb və 2007-ci ilin dekabrında "Xəzər Lənkəran”a
transfer olunub. Bəs görəsən, 4 illik fasilədən sonra yenidən keçmiş
komandanın heyətinə qayıtmaq necə hissdir? Bu və digər suallarımızı
futbolçunun özünə ünvanladıq. - Ruslan, 4 illik
fasilədən sonra yendiən "İnter”in formasını geyinəcəksən. Keçmiş
komandana uyğunlaşma necə oldu, problem yaşamadın? -
Kollektiv əladır. Bu cəhətdən heç bir problem yoxdur. Çoxu da tanış
futbolçulardır. Rəhbərlik də mənə tanış insanlardır. Bu yaxınlarda
Türkiyədə təlim-məşq toplanışında olduq və hazırlıq yaxşı keçdi, bir
neçə yoxlama görüşündə qüvvəmizi sınadıq. Düzdür, həmin yoxlama
oyunlarının nəticələri heç də yaxşı olmadı, ancaq bu tip qarşılaşmalarda
əsas hesab yox, komandanı qurmaqdır. Onsuz da ikinci mərhələnin
hazırlıqlarını Sloveniyada keçəcəyik və düşünürəm ki, orada həm oynamağa
rəqiblər tapacağıq, həm də məşqlər yüksək səviyyədə keçəcək. - Belə başa düşdüm ki, artıq uyğunlaşma prosesini başa vurmusan... -
Bu barədə çətinliyim olmadı. Baxmayaraq ki, 4 il bundan əvvəlki vaxtla
müqayisədə "İnter”in heyəti çox dəyişib. Bununla belə, bir çox futbolçu
ilə çiyin-çiyinə oynamışam. Məsələn, Şəhriyar Rəhimov, Dmitri
Kramarenko, Asif Məmmədov, Xəyal Mustafayev, Samir Zərgərov kimi
futbolçularla anlaşmada heç bir problem yoxdur. Futbolçulardan başqa,
klub rəhbərliyi ilə də yaxşı münasibətimiz var. - Amma baş məşqçi Kaxaber Tsxadadze ilə deyəsən, ilk dəfədir işləyəcəksən? -
Tsxadadze ilə daha öncədən tanışlığım var idi. Amma rəhbərliyi altında
oynamamışam. O vaxt mən "Standard”ı tərk edib "Xəzər Lənkəran”a keçəndə
Tsxadadze o komandaya yeni baş məşqçi təyin olunmuşdu. Onun haqqında nə
deyə bilərəm? Həm məşqçi, həm də futbolçu kimi adı hamıya məlumdur.
Özünü göstərmiş bir mütəxəssisdir. İnanıram ki, "İnter” onun rəhbərliyi
altında ancaq böyük uğurlara imza atacaq. - Tsxadadze ilə Rednikin məşq prosesi arasında hansı fərqlər var? -
Bilirsiniz, mən heç vaxt məşqçilər arasında fərq qoymaq, müqayisə
aparmaq istəmirəm. Hər məşqçinin özünün oyun tərzi var. Amma deyim ki,
Tsxadadze toplu çalışmalara, texniki-taktiki hazırlığa çox önəm verir.
Onun rəhbərliyi altında topla daha çox işləyirik. Bundan başqa, kiminsə
səhvi olanda fərdi olaraq həmin oyunçuya öz səhvlərini başa salır. - Komandanızın qarşısına ilk növbədə hansı hədəf qoyulub? -
"İnter”in hədəfi həm çempionluq, həm də kubokun qalibi olmaqdır. Bu
komanda həmişə iddialı olub, ona görə də başqa hədəfi ola bilməz. Təbii
ki, heyət də hələ tam komplektləşməyib. Türkiyə toplanışı başa çatdı,
qarşıda Sloveniya toplanışı var. Orada heyət daha da komplektləşəcək,
baxışa yeni futbolçular gələcək, komanda daha da güclənəcək. Bildiyimə
görə, 4 yoxlama görüşü keçirəcəyik. Yəqin ki, bu görüşlər zamanı baş
məşqçinin də imkanı olacaq ki, futbolçuların potensialına tam bələd
olsun. Bundan başqa, həmin oyunların nəticələrindən sonra komandanın
çempionata nə dərəcədə hazır olduğu, hansı nəticələri qazanmaq şansının
olduğu da məlum olacaq. - "Xəzər Lənkəran”dan narazı
ayrıldığın deyilir. Çünki öncə orada qalacağın və yeni müqavilə
imzaladığın haqda informasiyalar yayıldı. Lakin gözlənilmədən ayrılaraq,
"İnter”ə keçdin... - Xeyr, "Xəzər Lənkəran”la aramızda heç
bir problem yoxdur. Sadəcə elə alındı ki, "İnter”ə keçəsi oldum.
Haradasa 4 ilə yaxın "Xəzər Lənkəran”a xidmət etdim, bu müddətdə
qazanılan uğurlarda mənim də zəhmətim olub, bu mənada düşünürəm ki,
qazandıqlarımın da qarşılığında kluba nəsə verə bilmişəm. Ayrılanda da
halallıqla ayrıldım və onlara qarşıdakı oyunlarında uğurlar arzulayıram. - Bir sözlə, 4 il "Xəzər Lənkəran”ın şərəfini qoruduğun üçün peşman olmadın... -
Xeyr, heç bir peşmançılıqdan söhbət gedə bilməz. Ölkənin ən varlı və ən
güclü klublarından birinin formasını geyinmişəm, hansı peşmançılıq ola
bilər? Orada oynadığım dövrdə ölkə kubokunu qazandıq, "Birlik kuboku”nun
sahibi olduq. Düzdür, təəssüf ki, çempion ola bilmədik, amma nə eləmək
olar? Halbuki 2 mövsüm öncə çempionluğa çox yaxın idik.
Xatirinizdədirsə, həmin vaxt hər şey öz əlimizdə idi. "Ev”də "Bakı”nı
məğlub edib çempion adını qazanacaqdıq. Ancaq təəssüf ki, uduzaraq qızıl
medalları əldən verdik. - "İnter”də, yəqin ki, ciddi rəqabət
olacaq. Çünki heyətə xeyli yeni futbolçu cəlb olunub. Bu mənada əsas
heyətdə oynayacağına əminsənmi? - Bilirsiniz, mövqe söhbəti
elədir ki, mənim üçün heç vaxt ciddi problem olmayıb. Çünki 4 mövqedə
oynaya bilirəm və oynamışam. İndiyə qədər məşqçilər məni müdafiənin və
yarımmüdafiənin həm sağında, həm də solunda oynadıblar. Bu mənada 4
mövqedə oynamaq bacarığımı özüm üçün üstünlük sayıram. O ki qaldı
"İnter”dəki rəqabətə, bu, çox yaxşı haldır ki, bir komandada eyni
ampluada bir neçə güclü futbolçu olur. Bu zaman sən də öz üzərində daha
çox işləyirsən ki, əsas heyətə düşəsən. Təbii ki, yekun qərarı baş
məşqçi verir və o kimi hazır saysa, həmin futbolçu da əsas heyətdə
meydançaya çıxır. Məndən asılı olan bu yerə layiq olduğumu məşqlərdə və
oyunlarda sübut etməkdir. Ümumiyyətlə, əsas heyətdə oynamaq məsələsi
futbolçunun özündən asılıdır. Məncə, bu mənada Sloveniya toplanışı çox
önəmlidir. Çünki çempionat qabağı son toplanışdır və baş məşqçi oradakı
hazırlığa əsasən heyəti müəyyənləşdirəcək. Odur ki, əsas heyətdə oynamaq
istəyirəmsə, orada özümü ən yaxşı tərəfdən göstərməliyəm. - Amma əsas heyətdə oynasan belə, yenə də sənə verilən şansdan maksimum istifadə etməlisən... -
Bəli, orası elədir. Ola bilər, toplanışda özümü ən yaxşı tərəfdən
göstərdim və baş məşqçi də çempionat oyunlarında məni əsas heyətdə
meydançaya buraxdı. O zaman üzərimə ikiqat məsuliyyət düşəcək, çünki
buna layiq olduğumu sübut etməliyəm. Əgər özümü doğrulda bilməsəm və
zəif oynasam, onda ehtiyatda qalacağam. - "İnter”in düşərgəsini bir neçə aparıcı futbolçu tərk etdi. Onların gedişi komandanı zəiflətməyəcək ki? -
Mən bu cür düşünmürəm. Çünki "İnter” güclü klubdur və burada gedənləri
layiqincə əvəzləyəcək futbolçular həmişə olub, bu dəfə də olacaq.
Gedənlərin yerinə yeni transferlər olunub, Sloveniya toplanışında daha
bir neçə oyunçu da düşərgəyə qoşulacaq. Bir daha deyirəm, gedənlərin
ciddi problem yaradacağına inanmıram. - Sonda "İnter” azarkeşlərinə sözün... -
Azarkeş futbolda çox böyük faktordur, bunu danmaq olmaz. Azarkeşsiz
oynamağın mənası yoxdur. Odur ki, mən "İnter” azarkeşlərinə səslənərək
onlardan bizə dəstək olmalarını istəyirəm və inanıram ki, birlikdə ən
böyük uğurlara imza atacağıq. Qoy gəlsinlər, bizi layiqincə
dəstəkləsinlər, biz də əlimizdən gələni edəcəyik ki, onların bu
dəstəyini, inamını doğruldaq. Anar Xanlarov, "Çempion”
|