Cari mövsümdə "İnter”in heyətində tez-tez görməyə adət etdiyimiz Rövşən Əmiraslanov oyunu ilə diqqət çəkə bilib. 24 yaşlı yarımmüdafiəçi baş məşqçi Kaxaber Sxadadzenin də güvənini qazanıb. Gürcü mütəxəssis, demək olar ki, hər matçda ona şans verir. "İnter”in heyətində yer alan azsaylı azarbaycanlılardan olan Əmiraslanov təhlükəli zərbələri ilə yadda qalır. Biz də Rövşənin yüksəlişini nəzərə alıb, onunla danışmaq qərarına gəldik. Futbolçu öncə "İnter”in bu mövsümkü çıxışından danışdı: "Turnir cədvəlindəki hazırkı mövqeyimizə baxanda, elə də pis durumda deyilik. Amma son turlarda oyunumuzu itirmişik. "İnter” hər zaman məzmunlu və baxımlı futbol nümayiş etdirib. Amma son vaxtlar əldə etdiyimiz nəticələr heç də əsl "İnter”i xatırlatmır. çünki qazanılan qələbələr də çətinliklə başa gəlir. Əvvəllər komandamız meydançadan azı 2-3 top üstünlüklə ayrılardı. "Gəncə” məğlubiyyəti komandanı sarsıtdı. Məğlub olmağımızın ən böyük günahı da özümüzdə oldu. Oyuna arxayın çıxmışdıq. Belə desək, rəqibi ciddiyə almamağımız sonda bizim üçün heç də yaxşı qurtarmadı. "Gəncə” ilə matçdan öncə "Qəbələ” və "Qarabağ” üzərində əla qələbələr qazanmışdıq. Bəlkə də bu, bizə maneçilik törətdi. İndi başa düşürük ki, qalib gəlmək üçün maksimum güc sərf etmək lazımdır. Biz hər bir görüşə qələbə əzmi ilə çıxırıq. "Muğan”la oyun da çətin keçdi. ötən illərə nisbətən "Muğan” indi çox yaxşı futbol oynayır. Onlar da çempion komandaya qarşı oynadıqlarından, xal qazanmaq istəyirdilər. ümumiyyətlə, nəinki "Muğan”, çempionatın hər bir klubu bizə qarşı ikiqat mübarizə aparır. "Muğan”la oyunda çoxlu qol imkanlarımız oldu. Sonda hakimin təyin etdiyi haqlı penaltini qola çevirərək qalib gəldik”.
Rövşən komandadakı enişə isə belə izah verib: "Yayda heyətdə cüzi dəyişikliklər olub. Əsas oyunçuların əksəriyyəti heyətdə saxlanılıb. Maliyyə cəhətdən heç bir problemimiz yoxdur. Komandaya rəhbərlik tərəfindən hər cür dəstək verilir. "Gəncə”yə ağır məğlubiyyətdən sonra komandadakı ab-hava, ümumiyyətlə, dəyişdi. Mən buna ağır məğlubiyyət deyərdim. Əgər qalib gəlsəydik, turnir cədvəlindəki yerimizi də möhkəmləndirəcəkdik. Məhz bu məğlubiyyət futbolçularda psixoloji gərginlik yaratdı. Yəqin ki, bir-iki qələbə qazanandan sonra yenidən ötənilki komandanın oyununu görəcəksiniz”.
24 yaşlı futbolçu öz çıxışından danışmağı da unutmadı: "Keçən il az oynamaq imkanı qazanırdım. Amma indi baş məşqçi mənə daha çox oynamaq imkanı verir və əlimə düşən şansdan maksimum yararlanmaq istəyirəm. Digər komandalarla müqayisədə bizdə futbolçu sayı daha çoxdur. Baş məşqçi hamıya şans verir. Kim güclüdürsə, onu da oynadır. Sxadadze "Mançester Siti” kimi klubda oynamış bir məşqçidir. Futbolu çox yaxşı bilir. Sxadadze mənə inanır”. Yarımmüdafiəçi heyətdə yer alan çoxlu sayda legionerlə mübarizə aparmaqdan çəkinmədiyini qeyd etdi: "Legionerlərin olması yaxşıdır. Səviyyəli legioner gəlir. Düzdür, hərdən elə legionerlər gəlir ki, onlar özləri bizdən nəsə öyrənirlər. Belələrinin gəlməsinə qəti narazıyam. Söhbət təkcə bizim komandadan yox, ümumilikdə bütün klublarımıza gələn legionerlərdən gedir. Pul qazansınlar, amma onlar bu qədər böyük pullara layiq deyillər. Yerli futbolçularımız oynamasalar, millimiz də irəli gedə bilməyəcək, uşaq futbolumuz inkişaf etməyəcək”. Rövşən ölkənin əksər klublarında legionerlərin olmasına baxmayaraq, məhz "İnter”in tənqid obyektinə çevrilməsinə təəccüblənir: "Qarabağ” və MOİK-dən savayı digər klublarda da yetərincə legionerlər var. Amma nədənsə, hər dəfə bu söhbət gələndə "İnter” tənqid edilir. Bax, bunu başa düşə bilmirəm”.
Əmiraslanov millidən dəvət gözlədiyini də vurğuladı: "Yığma məşqçiləri heç olmasa, bir dəfə çağırıb yoxlaya bilərdilər. Demirlər ki, belə bir futbolçu da var. çempion komandanın heyətində oynayıram. Millidə elə futbolçu var idi ki, heç klubu yox idi, amma yığmaya dəvət olunurdu. Mən yığma komandanın bütün aşağı yaş qruplarında oynamışam. Səbirsizliklə əsas millidən gələcək dəvəti gözləyirəm”. Solaxay futbolçu daim əsas heyətdə oynaması üçün daha çox işləməli olduğunu bildirdi: "Görünür, yetərincə işləmirəm ki, daim əsas heyətə düşmürəm. Səhvi həmişə özümdə axtarıram”. Futbolçu həftə sonu AZAL-la qarşılaşmadan 3 xalla ayrılmalı olduqlarını söylədi: "AZAL mübarizə aparan, yaxşı klubdur. Rəqibi təhlil etmişik. Qalib gəlməyə çalışacağıq”. Əmiraslanov sonda çempionat oyunlarına azarkeş marağının az olmasını təbliğatın istənilən səviyyədə olmaması ilə əlaqələndirdi: "Hamı azarkeş problemindən danışır. Məncə, təbliğat istənilən səviyyədə deyil. çünki "Qarabağ”la və digər iddialı rəqiblərlə görüşdə gördük ki, azarkeşləri tribunalara toplamaq mümkündür. Oyundan öncə matçın reklamı güclü olmalıdır”.
Mənbə: Çempion qəzeti
|