Mövsümü boşa verən "İnter"də ciddi dəyişikliklərin olacağı hardasa gözlənilən idi. Baş məşqçi Kaxaber Tsxadadzeni postunda saxlayan rəhbərlik artıq 13 futbolçuyla yolları rəsmən ayırıb. Düzdü, Avroliqaya vəsiqə qazanmağı bacarmayan heyətin yenilənməsini məntiqəuyğun addım saymaq mümkündü. Amma aparıcı futbolçuların "bankirlər"i tərk etməsi yaxşı heç nə vəd etmir. Növbəti çempionata ciddi "yarpaq tökümü" fonunda hazırlaşmaq məcburiyyətində qalan bakılıların 2011/12 mövsümünə necə başlayacağını, birinciliyi hansı pillədə bitirəcəyini zaman göstərəcək. Hazırkı duruma gəlincə, bu haqda danışmaq borcumuzdu.
İddialılar "İnter"sayağı yenilənmir
Köklü klublarda "kütləvi təmizləmə" hallarına rast gəlmək çətindi. Çempionluğa oynayan və iddialı adını daşıyanların uzun müddətli "özəyi" olur. Təbii, "transfer pəncərəsi" açılanda az yararlı və lazımsızları uzaqlaşdırmaq, əvəzinə daha səviyyəlilərini kollektivin sıralarına qatmaq dünya praktikasında qəbul olunmuş, təsdiqini tapmış metoddu. Lakin bu proses oturuşmuş heyəti pərən-pərən etmədən, "özəyi" laxlatmadan həyata keçirilməlidi. Sirr deyil ki, futbolun səviyyəsindən asılı olmayaraq, öz ölkəsində sayılıb-seçilənlərin sıralarında kollektivin simasını müəyyənləşdirən bir neçə adlar cəmləşir. Məhz belə fiqurların arzuolunmaz zədə və ya futbolçudan asılı olmayan yaş amili səbəb göstərilmədən klubu tərk etməsi camiənin imicini ləkələyir. Avropa nəhəngləri üçün spesifik olan fantastik məbləğ qarşılığında transferlər başqa söhbətin mövzusudu. Həmçinin qitənin ortabablarından birində yetişən oyunçunun güclü çempionata və həmin birincilikdə çıxış edən kluba yollanması da yuxarıdakı məntiqlə tərs mütənasibdi. Bir sözlə, gerçək iddialılar "İnter"sayağı yenilənmir.
2009-un yayını xatırlayaq
Bank təmsilçisinin iki il öncə oxşar siyasət yürütdüyünü futbol həvəskarları unutmayıb. Komandanın "sükanını" Valentin Xodukindən təhvil alan Tsxadadze 10-dan çox sələfindənqalma futbolçunu göndərərək, onların yerinə başqalarını aldı. İstənilən halda, gürcü mütəxəssisin gətirdikləri uzaqlaşdırılanlardan səviyyəcə bir baş üstün deyildi. Ancaq zaman baş məşqçinin tənqid atəşinə tutulmasına yer qoymadı. Gəlişiylə Xodukinin atletik-praqmatik oyun üslubunda ciddi dəyişikliklər edən çalışdırıcı fərqli futbol modelinə güvəndi... Necə deyərlər, o öz üslubuyla zəfərə qovuşdu. Çox dramatik sonluqla bitən 2009/10 mövsümünü qalib qismində başa vuran Tsxadadzenin yetirmələri debütdə "qızıl" qazanan çalışdırıcının seçimində yanılmadığını və uğurlu seleksiya apardığını isbatladı. Amma...
Bu həna o hənadan deyil...
Həmin vaxt Valter Quqlemon, Auqusto Andaveris kimi seçilənlərdən daha çox ikinci dərəcəli fiqurlar göndərilmişdi. Bu dəfə isə komanda müqaviləsinin müddəti bitənləri qoruya bilmir. Milliləşdirilmiş legioner Aleksandr Çertoqanovun "Qəbələ"yə keçməsinin rəsmən təsdiqlənməsi sıradan fakt deyil. Vladimir Levinin "Bakı"yla danışıqlar aparması haqda deyilənlərdə də həqiqət payı böyükdü... İcarəyə verilənlərdən Tofik Mikayılov, Nizami Hacıyev, Jivko Jelev, Mario Souza, Səbuhi İsmayılov və Camal Məmmədova qapı göstərildisə, çex Branislav Çervenkoyla müqavilə yenilənmədi (əslində dayaq yarımmüdafiəçisinin yaşını nəzərə alıb, gedişini normal adlandırmaq olar). David Odikadze, Filipp Despotovski və Kaxaber Mjavanadze isə mövsüm bitər-bitməz çemodanlarını yığmışdı... Yığma üzvləri başda olmaqla əsas heyətin yarısından çoxunun dağılması nurlu sabahlar haqda düşünməyə imkan vermir. Şübhəsiz, aparıcı futbolçuların yeni müqaviləyə imza atmamasının kökündə əsasən maliyyə məsələləri durur. Başqa iddialılar qədər xərcləməyən "ağ-göylər" cəlbedici təklifə "yox" deyə bilməyənlərin itkisiylə barışır.
Para döyüşü, yoxsa nüfuz müharibəsi
"Qəbələ"nin ikiqat Azərbaycan çempionuna pul baxımından meydan oxuması göz önündədi. Belə vəziyyət, nə qədər üzücü olsa da, bədbin proqnozlara yol açır... Bir qədər obrazlı yanaşsaq, növbəti mövsümdən qızıl medallar uğrunda çıxış etməyi hədəfləyən qəbələlilər "bankirlər"ə "mənim dönəmim başlayır. Sən iddialı strategiyasından uzaqlaşırsan" söyləyir. Doğrudan da müasir futbolda büdcə çox şey deməkdi. "İnter" rəhbərliyi komandaya hər oyuna görə mükafat ayırmaq istəmirsə, başqan Georgi Nikolov illik bonus sisteminin tərəfdarıdırsa, klub oyunçularına "Xəzər Lənkəran", "Bakı", "Neftçi" və "Qəbələ" qədər pul ödəyə bilmirsə, deməli, iddialı imicini ciddi təhlükə gözləyir. Fərqli mövqe tutmaq və siyasət müəyyənləşdirmək hərənin öz öhdəliyindədi. Amma istənilən müstəvidə reallıqla barışmaq olduqca vacibdi. Cibdən maliyyələşən Azərbaycan təmsilçilərinin hər birinin maliyyədə üstələyəcəyi iddialının nüfuzunu ələ keçirmək şansı var. Klubararası para duelini hətta psixoloji döyüş də adlandıra bilərik. Əminliklə yaxın bir neçə ildə XXI əsr doğumlular arasında belə nüfuz savaşlarının gedəcəyini, yerdəyişmələrin qaçılmaz olacağını düşünə bilərik. "İnter" tərəfdarının isə arzusu birdi: kaş paytaxt təmsilçisi ortababa çevrilməsin.
Nihat, "Futbol+” penalti.az
|