Bu gün Unibank Premyer Liqanın XXIX turun ilk oyunları keçirildi.
"Şəfa" stadionunda komandamız "Xəzər-Lənkəran"ı qəbul etdi. Oyunda hesabı "İnter" açdı. A.Məmmədov əla zərbəylə qonaqları mərkəzdən başlamağa vadar etdi. "Xəzər-Lənkəran" hesabı ikinci hissədə bərabərləşdirməyə müvəffəq oldu. Top "İnter"in canlı səddinə dəyərək istiqamətini dəyişdi və G.Lomaya komandanı qoldan xilas edə bilmədi. Növbəti dəqiqələrdə hər iki komanda təhlükəli vəziyyətlər yaratsa da, oyun 1:1 hesabıyla başa çatdı.
Kaxaber Sxadadze: "Bu oyunda Kamran Azərbaycanın yığmasının bir nömrəsi olduğunu sübut etdi"
"Oyun ilk dəqiqələrdən gərgin və əsəbi keçdi. Bununla belə, çox gözəl matç alındı. Sürət və taktika baxımından tamaşaçılar yüksəık səviyyəli oyun izlədilər. Artıq mövsümün sonunda klub futbolunda da inkişaf hiss olunur. Müəyyən vaxtdan sonra oyunu tarazlaşdıra bildik və hesabda önə çıxdıq. Fərqi bir qədər də artıra bilərdik. Lakin Kamran inamlı oynamaqla Azərbaycanın yığmasının bir nömrəsi olduğunu sübut etdi.
Mayın 4-də AZAL-la kubok oyununda vacib görüşümüz var. Bu günkü oyunumuzu AZAL-a qarşı da sərgiləsək finala çıxa bilərik. Oyunun sonlarında meydana atılmağım isə mənim emosiyalarıma sahib ola bilməməyimlə əlaqədardır. Orada hər hansı bir oyundan kənar vəziyyətlə bağlı mübahisə etmirdim".
|