AZAL-a 0:5 hesablı məğlubiyyətdən sonra "İnter”in adı ətrafında çoxsaylı söhbətlər gəzməyə başladı. öncə baş məşqçi Kaxaber Sxadadzenin istefaya gedəcəyi haqda məlumatlar yayıldı. Ardınca futbolçuların 2 aydan çoxdur əməkhaqqı ala bilməmələrinə dair xəbərlər eşitməyə başladıq. Ancaq "bankirlər” bu ağır məğlubiyyətdən çox keçməmiş özlərinə gələ bildilər. "Bakı”nı məğlub edən Sxadadzenin komandası ilk dövrənin son turunda səfərdə "Simurq”a da qalib gələrək, çempionluq şansını davam etdirdi. Hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşan "İnter”i lider "Neftçi”dən 4, ikinci pillədəki "Xəzər Lənkəran”dan isə cəmi 2 xal ayırır. Komandanın bolqarıstanlı prezidenti Georgi Nikolov da gələcəyə optimist baxır. "çempion”a müsahibəsində o, "İnter”in gələcək planları haqqında da bəzi maraqlı açıqlamalar verdi. Bundan başqa, "İnter”in prezidenti çempionatdakı ən prinsipial rəqiblərindən olan "Bakı”nın hazırkı durumuna da münasibət bildirdi.
- Cənab Nikolov, çətinliklə də olsa, Zaqatala səfərindən 3 xalla dönməyi bacardınız. Bununla da ilk dövrəni qələbə ilə başa çatdırdınız. Başlayaq bu oyundan...
- çətin oyun oldu. Əslində, bu cür olacağını da gözləyirdik. çünki "Simurq”un heyəti yenidən qurulub. Hamısı gənc, potensialı olan oyunçulardır. Bizimlə oyunda bir daha bunun şahidi oldum. çox dinamik komandadır. 90 dəqiqə boyunca dayanmadan əzmlə mübarizə aparırlar. Bir sözlə, bu komandanın oyunu çox xoşuma gəldi. Təbii ki, qələbə qazandığımız üçün də çox şad oldum.
- Ancaq sizdən üst pillədə qərarlaşan "Neftçi” ilə "Xəzər Lənkəran” da dövəni qələbə ilə başa çatdırdılar. Bu baxımdn təəssüf hissi keçirmədiniz ki?
- Elədir, həm "Neftçi”, həm də "Xəzər Lənkəran” 3 xal qazandılar. Xal itirsəydilər, daha yaxşı olardı, amma itirmədilər. Buna görə o qədər məyus olmaq lazım deyil. çünki çempionatın böyük hissəsi hələ irəlidədir və həmin rəqibləri keçmək üçün imkanımız olacaq.
- "İnter”in çempionluq şanslarını heç də bu komandalardan az saymırsınız?
- Xeyr. çünki bizim də yaxşı kollektivimiz var və çempionluq uğrunda son ana qədər mübarizəmizi davam etdirəcəyik. Bütün komandaları qarşıda xeyli çətin oyunlar gözləyir.
- "Simurq” üzərindəki qələbədən sonra demək olarmı ki, "İnter” artıq AZAL-la oyundakı məğlubiyyətin şokundan tamamilə ayılıb?
- Həmin məğlubiyyəti artıq unutmuşuq. Futbolda belə hesablar olur. Mən həmin oyundakı nəticəni hansısa "qara zolaq”la əlaqələndirməzdim. Elə sonrakı oyunlarda qazandığımız qələbələr də bunu sübut etdi.
- ümumiyyətlə, cari çempionatın səviyyəsini necə dəyərləndirirsiniz? ötən mövsümlə müqayisə apara bilərsinizmi?
- Məncə, bu çempionat maraqlı keçir. İlk dövrədən sonra 4-5 komanda çempionluq uğrunda mübarizə aparır və hamısı da eyni şansa malikdir. Digər komandalar da son ana qədər "vuruşurlar” və heç kim asanlıqla təslim olmur. Mənim üçün təəccüb doğuran yalnız "Bakı”nın oyunudur. Bu komandanın rəhbərliyi ilə də çox gözəl münasibətimiz var. Baş məşqçisi də kifayət qədər tanınan, dünya səviyyəli mütəxəssisdir. Təkcə məşqçi kimi yox, bir insan kimi də Şefer haqda xoş sözlər demək olar. çox mədəni və intilligent insandır. Bundan başqa, "Bakı”nın heyətində də kifayət qədər güclü futbolçular yer alıblar. Lakin bütün bunlara baxmayaraq, komanda mövsümü çox zəif keçirir, son turlar, ümumiyyətlə, qələbə qazana bilmir. Bir sözlə, "Bakı”da nə baş verir, mənə aydın deyil.
- Artıq ilk dövrə başa çatdı. Tezliklə qış "transfer pəncərəsi” açıq elan olunacaq. Maraqlıdır, "İnter” bu "pəncərədən” necə istifadə etməyi düşünür? Heyətdə nə kimi dəyişikliklərin olacağı gözlənilir?
- Dəyişiklik olacaq. Amma üstünlüyü əcnəbi yox, yerli futbolçulara verəcəyik. Təbii ki, onların hamısı gənclər olacaq. Onları heyətə cəlb edib, gələcəyə hazırlamaq lazımdır.
- Bilirik ki, komandanı həmçinin yanvarda Moskvada "Birlik kuboku” turniri gözləyir. Bu turnir isə bizim klublar üçün həmişə problem yaradıb. Oradan gələn heç bir klub sonradan Azərbaycan çempionatında yüksək səviyyədə oynaya bilmir və titulunu itirir. Bu amil sizi narahat etmir ki?
- Açığı, edir. Doğrudan da "Birlik kuboku” çempionatdakı çıxış mənfi təsir göstərir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Buna baxmayaraq, həmin turnirdən imtina etmək fikrimiz yoxdur və Moskvaya yollanacağıq. Lakin səfərdən öncə bu turnirə hazırlıqla bağlı məsələni ətraflı müzakirə edəcəyik.
- Bəs Moskvadakı hədəfiniz nə olacaq?
- Təbii ki, oraya vaxt keçirməyə getməyəcəyik. Gediriksə, deməli, yaxşı nəticə qazanmaq istəyirik. Bu mənada, biz də ən azı 2 il əvvəlki nəticəni təkrarlamağı və yarımfinala qədər irəliləməyi qarşımıza məqsəd qoyacağıq.
- Sonda bir məsələyə də münasibətinizi bilmək istərdik. "Simurq”la matçda "İnter”ə qarşı oynamaqdan imtina edən 3 futbolçu Zaqatala klubundan qovulub. "Transfer pəncərəsi” də bağlı olduğundan, onların "İnter”in heyətində oynamaları mümkün deyil. Həmin futbolçuların taleyi necə olacaq?
- Baçana, Tofiq və Paknis "İnter”in futbolçularıdır və hazırda kollektivlə birgə məşqlərdə iştirak edirlər. Qış "transfer pəncərəsi” açıq elən olunduqdan sonra isə yenə "İnter”in heyətində çıxışlarını davam etdirəcəklər.
|