Главная » 2011 » İyul » 2 » Elxan Məmmədov: “İnter” narazıdısa, “Qarabağ”ın iş sistemindən yararlanmalıdı”
21:47 Elxan Məmmədov: “İnter” narazıdısa, “Qarabağ”ın iş sistemindən yararlanmalıdı” |
"Yerli futbolçuların əksərinin qiyməti həddən artıq çoxdu" Xatırlayırsızsa, son müsahibələrinin birində "İnter"in prezidenti Georgi Nikolov maraqlı məqama toxunmuşdu. Bolqarıstanlı klub rəhbəri yerli futbolçuların qiymətinin olduqca çox olmasından danışmış, süni məbləğlərin azaldılması yönündə işlərin görülməsinin zəruriliyini qeyd etmişdi. Nikolov həmçinin bu haqda AFFA rəhbərliyi qarşısında təkliflə çıxış etdiyini, ancaq qurumdan bu məsələyə ögey münasibət göstərildiyini vurğulamışdı.
"Doğrudanmı Nikolov belə təkliflə çıxış edib" sualına aydınlıq gətirmək üçün AFFA-nın baş katibi Elxan Məmmədovla söhbət etdik. Bu məsələ ilə bağlı ürəyi dolu olan Məmmədov nəinki "İnter", eləcə də başqa klubların sözügedən təkliflə onlara müraciət etdiyini bildirdi: "Bəli, belə bir şey olub. AFFA-nın İcraiyyə Komitəsinin iclaslarından birində bu haqda müzakirə aparmışıq. Bu təkliflə bizə yalnız Georgi Nikolov yox, başqa klub rəhbərləri də müraciət edib. "İnter"dən başqa müraciət edənlərdən biri də iddialı klubdu. Sadəcə, həmin klubun adını çəkmək istəmirəm. Ancaq bu müzakirə şifahi şəkildə baş tutdu və rəsmiyyətə çevrilmədi. Yəni bu haqda qərar çıxarmağı məqsədəuyğun saymadıq. Ona görə mətbuatda da belə müzakirə getdiyini açıqlamadıq".
Baş katib təklifə müsbət yanaşdığını, ancaq hazırda bunu qanun çərçivəsinə salmağın qeyri-mümkünlüyünü dedi: "Bilirsiz, əslində yerli futbolçuların əksərinin qiymətinin həddən artıq çox olması ilə biz də razıyıq. AFFA rəhbərliyi də istəyir ki, oyunçulara verilən pulun məbləği bu qədər çox olmasın. Ancaq hazırda İcraiyyə Komitəsinin bu haqda qərar çıxarmasının düzgün olmayacağını hesab edirik. Təsəvvür edin ki, bununla bağlı normativlər hazırladıq. Ancaq bu, bəzi oyunçulara qarşı haqsızlıq və ədalətsizlik olmazmı? Biz futbolçuların haqlarının pozulmasını istəmirik. Yerli futbolçuların hamısına maaş məsələsində limit qoysaq, tarazlıq pozular. Bu əsasən millinin futbolçularına aiddi. Çünki xarici oyunçulara pul məsələsində limit qoya bilmərik. Bildiyiniz kimi, bəzi klublarımızda tanınmış ulduz futbolçular var. Məsələn, onların ölkəmizə gətirilməsinə görə 1 milyon verilir. Ancaq o, çıxıb 30 dəqiqə oynayır. Millinin kapitanı Rəşad Sadıqov isə 90 dəqiqə oynayır, ancaq ona verilən pula limit qoyulduğuna görə həmin legionerdən üçqat aşağı məvacib alır. Belədə yığmanın üzvünə qarşı ədalətsizlik etmiş oluruq. Ona görə də bəzi nüanslar var ki, bunun qaydalar çərçivəsinə salınmasını məhdudlaşdırır".
Elxan bəy bu məsələnin AFFA yox, klublar tərəfindən tənzimlənməli olduğunu da bildirdi. Baş katib bunun üçün təklifini klubların diqqətinə çatdırdı: "Bizdə klubların vəsaitinin, xərclədiyi məbləğin 75-80 faizi futbolçulara verilən maaşa gedir. Halbuki Qərbi Avropa ölkələrinin praktikasına baxanda fərqli halın şahidi olursan. Araşdırmamıza görə, həmin ölkələrin futbol klublarında bu rəqəm 45-50 faizdən ibarətdi. Ümumiyyətlə, standardlara görə, klublar büdcədən oyunçulara 50 faizdən çox pul ayırmamalıdı. Qalan 50 faizi başqa işlərə yönəltmək olar. Ancaq yaxşı olar ki, klubların özü bu məsələni tənzimləməyə çalışsın. Bunu necə etmək olar? Götürək "Qarabağ"ı. Bildiyiniz kimi, Ağdam təmsilçisi yerli futbolçulara digərlərinə nisbətən aşağı məvacib verir. Bu da onunla bağlıdı ki, bu komandanın əsas heyətində olan futbolçulardan altısı klubun yetirməsidi. Təbii ki, özünün yetirməsinə görə klub çox xərc çəkməyəcək. Həmin futbolçuya görə başqa kluba transfer haqqı ödənilməyəcək, onun maaşı da az olacaq. Ona görə "İnter" narazıdısa, "Qarabağ"ın iş sistemindən yararlanmalıdı. Bildiyimə görə, onların da aşağı yaş qruplarında yaxşı, istedadlı futbolçular var. Tədricən həmin uşaqları əsas heyətə cəlb etməklə maaş sistemində endirmə yaratmaq olar". Sonda Məmmədov Nikolova müraciət etməyi də unutmadı: "Cənab Nikolov, bu məsələni yoluna qoymaq üçün sizin daha məqsədəuyğun variantınız varsa, bizə söyləyin. Biz həmişə sizin verdiyiniz təklifi müzakirə etməyə hazırıq".
Səbuhi Tofiqoğlu, "Futbol+”
|
Категория: Klub Xəbərləri |
Просмотров: 325 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|