Saytımız adından bu tur "Turun oyunçusu" adını qazanan komandamızın gənc futbolçusu Elnur Abdulovun "Çempion” qəzetinə müsahibəsi
- Elnur, öncə Premyer Liqadakı ilk qolun münasibəti ilə səni təbirk edirik. "Turan”la oyunda start heyətində meydançaya çıxmağın sənin üçün gözlənilməz olmadı ki?
- Təbrik üçün çox sağ olun. Suala gəlincə, yox, gözlənilməz olmadı. Çünki mövsümöncəsi təlim-məşq toplanışında baş məşqçi mənə şans vermişdi və özümü bacardığım qədər yaxşı tərəfdən göstərmişdim. Bundan başqa, oyunöncəsi məşqlərdə də hiss edirdim ki, start heyətində meydançaya çıxa bilərəm. Buna görə də gözlənilməz heç bir şey olmadı.
- Bundan əvvəl, yəni ötən mövsüm "Neftçi” ilə oyunda Premyer Liqada debüt etmişdin. Ancaq ilk dəfə idi ki, start "onbirliyi”ndə meydançaya çıxırdın. Bu mənada həyəcan yox idi?
- Düzdür, bu mənim Premyer Liqada ikinci, start heyətində meydançaya çıxdığım ilk oyunum idi. Amma heç bir həyəcan yox idi.
- Txadadze oyundan öncə sənə hansı tapşırığı vermişdi?
- Baş məşqçinin əsas tapşırığı hücumameyilli oynamaq idi. "Turan”la oyunda biz sırf bir hücumçu ilə meydançaya çıxmışdıq ki, bu da Baçana Tsxadadze idi. Lakin onun arxasında oynayan mənimlə Asif Mirili hücumameyilli oynamaqla Baçanaya dəstək verməli idik. Bir sözlə, hücumameyilli yarımmüdafiəçi kimi üzərimizə düşən işi görməli idik.
- Komandanın yeganə qoluna sən imza atdın. Həmin epizodu necə xatırlayırsan?
- Həmin epizodda Asifin irəlilədiyini görüb boş mövqe tutdum və top istədim. O da öz növbəsində mənə ötürmə verdi. Ötürməni qəbul etdikdən sonra isə dönüb qapıya zərbə vurdum və qol oldu.
- Topu qəbul edərkən artıq qapıya zərbə vuracağını fikirləşmişdin, yoxsa ötürmə vermək fikrin də var idi?
- Yox, elə ilk fikrim qapı istiqamətinə dönüb müdafiəçilərdən sıyrılaraq zərbə vurmaq idi. Xoşbəxtlikdən hər şey istədiyim kimi alındı və top tora daxil oldu.
- Lakin maraqlıdır ki, qoldan cəmi 4 dəqiqə sonra baş məşqçi səni əvəzlədi. Bu nə ilə bağlı idi?
- Bu sırf taktiki gedişlə bağlı idi. Baş məşqçi taktiki dəyişiklik etdi və məni meydançadan çıxardı. Belə şeyləri tam normal qəbul edirəm, çünki baş məşqçi hər şeyin ən doğrusunu edir.
- Necə düşünürsən, növbəti oyunlarda da səni əsas heyətdə görə biləcəyikmi?
- Bilirsiniz, futbolda hər şey oyunçunun özündən asılı olur. Baş məşqçi sənə şans verir və gərək bundan maskimum istifadə edəsən. Edə bilsən, növbəti oyunlarda da şans qazanacaqsan. Yeri gəlmişkən, baş məşqçimiz oyundan sonra cavan futbolçulardan razı qaldığını bildirdi.
- Növbəti turda səfərdə "Qarabağ”la qarşılaşacaqsınız. Razılaş ki, həmin oyun "Turan”la müqayisədə daha çətin olacaq...
- Bəli, "Qarabağ”la oyunumuz çox çətin olacaq. Üstəlik, qarşılaşma Quzanlıda keçiriləcək. Rəqib çox güclüdür, çempionluğa əsas namizədlərdən biridir. Bu mənada bizi ağır oyun gözləyir.
- Səncə, "Qarabağ”ın ən üstün cəhəti hansıdır?
- Üstün cəhətləri çoxdur. Ən üstün cəhəti texnikalı oyuna üstünlük verməsidir. Deyərdim ki, Azərbaycanda topla ən yaxşı oynayan komanda "Qarabağ”dır. Bundan başqa, həm də stabil heyətləri var, neçə ildir bir yerdə oynayırlar və bir-birlərinə uyğunlaşıblar.
- Maraqlıdır, hələ də U-21-dən dəvət almamısan?
- Açığı, bu dəvəti çoxdan gözləyirəm, amma hələlik yoxdur. "Turan”la oyundan sonra haradasa ümid yaranıb. Çünki matçı Lippertn köməkçisi də izlədi. Bundan başqa, əsas milli komandamızın baş məşqçisi Berti Foqts da qarşılaşmanı tribunadan izləyirdi. Bəlkə, "Turan”la oyundan sonra maraqlanmağa başladılar. Əgər dəvət olarsa, yığmada canla-başla oynamağa hazıram.
- Yeri gəlmişkən, Foqts tərəfindən hansısa maraq hiss etmədin?
- Yox, açığı, oyundan sonra onun mənimlə maraqlanmasına dair söhbətlər qulağıma çatmadı.
- "İnter”in bu mövsüm qarşısına qoyduğu əsas hədəf, yəqin ki, yenə çempionluqdur...
- Elədir. Biz hər iki cəbhədə mübarizə aparacağıq, həm Premyer Liqada, həm də ölkə kubokunda.
- Hazırkı heyət bunun üçün yetərli olacaqmı?
- Eşitdiyimə görə, daha bir neçə yeni futbolçu komandaya cəlb olunacaq və heyət gücləndiriləcək. Əgər bu da baş versə, hər iki cəbhədə uğur qazana bilərik.
- Sonda. Tsxadadze "Turan”la qarşılaşmadan sonra şəxsən sənə nə dedi?
- Təkcə məni yox, bütün komandanı qələbə münasibəti ilə təbrik elədi. Yəqin ki, mənim də oyunumdan razı qalar. Çünki onun verdiyi tapşırıqları meydançada yerinə yetirmək üçün bütün gücümü qoydum, qol da vurdum. Şans verilərsə, bundan sonra da baş məşqçinin tapşırıqlarını yerinə yetirmək üçün bacardığım hər şeyi edəcəyəm.