Milli çempionatımıza legioner axını dövlətin futbola qayğısının xüsusilə artdığı dövrə, bir az da konkretləşdirsək, 2004-ci ilə təsadüf edir. Futbolun inkişafına dair dövlət proqramı qəbul edildikdən sonra ölkə klubları saysız-hesabsız əcnəbiyə "qucaq açıb".
Əvvəlki illərdən fərqli olaraq son dövrlər gəlmə məşqçilər də futbol arenamızda görünməyə başlayıb. Təsadüfi deyil ki, hazırda həm əsas, həm də gənclər yığmamızda, eləcə də UniBank premyer-liqasında mübarizə aparan 12 komandadan tən yarısında əcnəbilər çalışmaqdadı. Bundan başqa aşağı yaş qrupundan olan bəzi komandalarımıza, qadın millimizə də alman başçılıq edir.
Sözsüz ki, bütün futbol ictimaiyyətini "gəlmə"lərin sayı qədər onların səviyyəsi də maraqlandırır. Gəl ki, legioner məşqçilər arasında ölkə futboluna nəzərəçarpacaq fayda verməsi ilə seçiləni yoxdu. Ölkə klublarında fəaliyyət göstərmiş 26 əcnəbi məşqçidən yalnız ukraynalı Valentin Xodukinin və gürcü Kaxaber Tsxadadzenin "İnter"lə, makedoniyalı Qyoko Hacievskinin isə "Bakı" ilə çempionluq yaşadığını qeyd edə bilərik. Məlumat üçün deyək ki, bugünə qədər ölkə birinciliyində 8 əcnəbi məşqçi 9 medal qazana bilib ki, bunlardan da 3-ü qızıl, 4-ü gümüş, 5-i bürünc olub.
Göründüyü kimi, legioner məşqçilərin futbolumuza o qədər də faydalı olmadığı göz önündədi. Bəs görəsən, cari "futbol ili"ni Azərbaycanda keçirən əcnəbi çalışdırıcılar futbolumuza nə verib?
Kaxaber Tsxadadze Məşqçi kimi ilk iş yeri "Lokomativ" (Tiflis) olan Tsxadadze daha sonra 2005-2006 mövsümündə "Dinamo"ya rəhbərlik edib. 2006-2007 mövsümünü "Sioni"də keçirən mütəxəssisin ölkəmizdəki ilk iş yeri isə 2008-də təyinat aldığı "Standard" olub. Həmin dövrdə "Standard"la yanaşı Gürcüstanın olimpiya yığmasını da çalışdıran məşqçi 2009-cu ildən "İnter"in "sükanı arxasındadı". Bu müddət ərzində "bankirlər" ilə ölkə çempionluğunu və Rusiyada keçirilən "Birlik kuboku"nu qazanan mütəxəssisin işini uğurlu saymaq olar. Üstəlik, gürcü mütəxəssisin komandası cari birincilikdə də çempionluğa namizədlərdəndi. Tural, "Ekspressfutbol" qəzeti
|