Rəşad Mehdizadənin təqdimatında "Bizim Futbolçular” rubrikası davam edir. Rəşadın budəfəki qonağı bu mövsümdən etibarən "İnter”in əsas heyətində forma geyməyə başlayan Asif Mirilidi. Ötən mövsümü paytaxt klubunun əvəzedici heyətində keçirən 20 yaşlı dayaq yarımmüdafiəçisi komandada kapitanlıq sarğısını daşıyırdı. Əvəzedicilərin heyətində özünü yaxşı tərəfdən göstərərək, Kaxaber Tsxadadzenin "gözünə girən” Mirili əsas heyətə çağırılmağa başladı. "İnter”də 10 nömrəli futbolkanı geyən gənc futbolçunu daha yaxından tanımaq maraqlı olardı.
- Asif Mirili futbola gəlişini necə xatırlayır?
- Futbola gəlişim 2000-ci ilə təsadüf edir. Atamla birgə FŞM-ə ( Uşaq Futbol Məktəbi - red.) getdik. Orada İsmayıl müəllimin rəhbərliyi altında futbolun sirlərini öyrənməyə başladım.
- Erkən yaşlarından sənət kimi futbolu seçməyin ailən tərəfindən necə qarşılandı?
- Ailəm hər zaman yanımda olub, mənə dəstək durub. Bir növ həmişə futbolda irəliləməyimdə kömək göstərib. Elə atamın əlimdən tutub, 10 yaşımda məni futbola yazdırması da, gələcəkdə məni futbolçu kimi görmək istəklərindən irəli gəlirdi.
- 10 yaşında futbola başlamağın dərslərində hər hansı bir problem yaratmırdı ki?
- Xeyr, futbol hazırlığımla birlikdə, dərslərimi də hazırlamağa vaxt tapa bilirdim. Orta təhsilimi Yasamal rayon 244 saylı məktəbdə almışam, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsiyəm. Futbol ixtisası fakültəsində təhsilimi davam etdirirəm.
- Yenidən qayıdaq futbola.. FŞM-in ardından hansı klublarda çıxış etdin?
- Səhv etmirəmsə, 2004-cü il idi. "Təhsil” komandasına keçdim, orada 1 il oynadıqdan sonra, "İnter”in aşağı yaş qruplarında futbolu davam etdirdim. Burada da İsmayıl müəllim mənə baş məşqçilik edirdi. Tez bir zamanda "İnter”in aşağı yaş qruplarında öz yerimi möhkəmlətdim, əvəzedici komanda da kapitanlıq sarğısını daşıdım.
- Hazırda dayaq yarımmüdafiəçi qismində çıxış edirsən. Bundan əlavə hansı amplualarda oynamısan?
- İlk əvvəllər son müdafiəçi qismində çıxış edirdim, lakin zaman keçdikcə dayaq yarımmüdafiəçilisi kimi oynamağa başladım. Premyer Liqanın son matçında da əvəzetmədən sonra Kaxa müəllimin göstərişi ilə yarımmüdafiənin önündə oynadım. Düzdür, məşqçinin istədiyi yerdə oynamağa qadir futbolçuyam, amma özümü ən rahat dayaq yarımmüdafiəçi kimi hiss edirəm.
- 10 ildən artıqdır ki, futbolla məşğul olursan. Sənin üçün meydanda uğurlu və uğursuz anlar çox olub yəqin ki…
- Demək olar ki, bütün uğurlarıma "İnter” komandasında nail olmuşam. Təxminən 3 il əvvəl "İnter”in əvəzediciləri ilə birgə Azərbaycan birinciliyində ikinci yeri tutduq. Bundan əlavə, əvəzedicilərin heyətində kapitan olmağımı da özüm üçün uğur saya bilərəm. Ən böyük uğurum isə, heç sübhəsiz, Premyer Liqada debüt etməyim və ən əsası, baş məşqçinin mənə 90 dəqiqə güvənməsi oldu. Təbii ki, meydanda uğurlarla yanaşı, xoşagəlməz hallar da olur. Bu xoşagəlməz hal "Kəpəz”lə oyunda baş verdi. Rəqibi 5:1 hesabı ilə məğlub edirdik. Kobud oyuna görə matçın sonlarına yaxın qırmızı vərəqə aldım. Bundan sonra qapımızda 2 qol gördük və nə yaxşı ki, matç elə 5:3 hesabı ilə başa çatdı. Həmin matçdan sonra çox pis olmuşdum.
- Elə mövqedə çıxış edirsən ki, istər-istəməz hücumların qarşısını almaq üçün sərt oyuna üstünlük verməli olursan. Meydanda bu hal sənə mənfi təsir göstərmir ki?
- İnsan yaşadıqca öyrənir. "Kəpəz”lə matçdan sonra başa düşdüm ki, çox sərt oynayaraq, komandanı pis vəziyyətdə qoymaq olmaz. Həmin oyun daha pis nəticə ilə də başa çata bilərdi. Xoşbəxtlikdən hər şey komandamız üçün yaxşı qurtardı.
- Artıq "İnter”in əsas heyətində meydana çıxmağa başlamısan. İlk matçdan 90 dəqiqə meydanda olmağın çox suala cavab ola bilər. Amma bütün bunlara baxmayaraq, heç bir aşağı yaş qruplarından ibarət milli komandamıza çağırılmamısan. Səncə, buna səbəb nədir?
- 21 yaşımın tamam olmasına 1 ildən çox vaxt qalıb. Ona görə də, təbii ki, hər futbolçu kimi mən də milli komandamızın şərəfini qorumaq istəyirəm. Amma milli komandaya çağırılmıramsa, deməli, ora dəvət olunanlardan zəifəm. Buna baxmayaraq, məşqçilərimin də köməyilə lazımı səviyyəyə çataraq, əsas milli komandaya dəvət olunacağıma inanıram. Çünki həqiqətən, qarşıma qoyduğum məqsədlərdən biri də budur.
- Ümumiyyətlə, qarşına qoyduğun məqsədlər nədir? Və bunlara nə dərəcə nail olmusan?
- Hazırda qarşıma qoyduğum məqsəd millli komanda ilə yanaşı, "İnter”in əsas heyətində yerimi möhkəmlətməkdir. Təbii olaraq, başa düşürəm ki, milli komandaya çağırılmaq üçün "İnter”də də əsas heyət oyunçusu olmalıyam. Ona görə də, əsas məqsədim paytaxt klubunda daşıdığım formanın haqqını verərək, onbirlikdəki yerimi möhkəmlətməkdən ibarətdi. Məqsədlərə nail olmağa gəlincə isə, "İnter”in əsas heyətində Premyer Liqada debüt etməyimi saymaq olar.
- Futboldan kənarda hansı oyunçularla dostluq edirsən?
- Dostluq etdiyim futbolçular, əsasən, öz komanda yoldaşlarımdı. Elnur Abdulov, Şəhriyar Rəhimov, Nizami Hacıyev kimi futbolçularla meydandandan kənarda dostluq edirik.
- Bəs, meydanda hansı futbolçulardan məsləhət alırsan?
- İlk mövsümdür ki, komandamızda bu qədər yerli oyunçu var. Sözsüz ki, bu da kollektivin sıx münasibətdə olmasına öz təsirini göstərir. Meydanda məsləhətə gəlincə, Ruslan Poladov, Samir Zərgərov kimi futbolçular mənə dəstək olurlar.
- Yerli futbolçular mövzusuna toxundun. Səncə, Rövşən Əmiraslanov, Aleksandr Çertaqanov kimi futbolçuların "Qəbələ”yə keçməsi əvəzedici komandadan əsas heyətə bir neçə futbolçunun çağırılması ilə nəticələndi?
- Sözsüz ki, bu hal da bizim ( Elnur Abdulovla birgə - red.) əsas komandaya çağırılmağımızda böyük rol oynadı. Amma biz buna qədər də əsas komanda ilə birgə məşqlərdə iştirak edirdik. Hətta "Birlik kuboku”nda "İskra Stal” komandası ilə matçda sona 20 dəqiqə qalmış Kaxaber Tsxadadze məni "döyüşə atmışdı”.
- Futbolda ilk qazancın nə qədər olub?
- ( fikirləşir) 2 şirvan (gülür). Hazırki ki pulla 4 manat. Komanda ilə birgə mərhələ keçmişdik, ona görə də, baş məşqçi mənimlə birgə bir neçə futbolçuya da pul hədiyyə etmişdi.
- Bəs, ümumiyyətlə, Asif Mirili Avropada hansı klublara azarkeşlik edir?
- Ən sevimli komandam "Arsenal”dı.
- Azərbaycanda Türkiyə futboluna maraq olduqca böyükdür. Əsasən də, "Fənərbaxça” və ”Qalatasaray” azarkeşləri üstünlük təşkil edir. Sən bunlardan hansına azarkeşlik edirsən?
- "Beşiktaş”ın fanatıyam. (gülür)
- Avropa səhnəsində oyununu bəyəndiyin futbolçu kimdir?
- Sesk Fabreqas. O, mənim kumirimdir. İnşallah ki, gələcəkdə onun kimi futbolçu olaram.
- Bəs öz mövqeyində çıxış edən hansı futbolçunu bəyənirsən?
- "Mançester Siti”də çıxış edən De Yonqu.
- Futboldan kənarda hansı hobbilərin var?
- Demək olar ki, həyatımı futbola həsr etmişəm. Məşqlərdən sonra bazada qalıb, cərimə zərbələrinə, uzaqdan zərbələrə üstünlük verirəm. Bundan başqa isə, dostlarımla tamaşalara getməyi, kinolara baxmağı, şəhərdə gəzməyi, "Playstation” oynamağı sevirəm.
- Xarici dillərə marağın necədi?
- Xarici dilləri öyrənməyə həvəsim var. Rus dilini yaxşı səviyyədə bilirəm, hazırda ingilis dilini də öyrənməyə çalışıram. Çünki bilirəm ki, bu dilləri öyrənməyim, mənim gələcəkdə Avropa klublarında çıxış etməyimə kömək ola bilər.
- Azərbaycanda "İnter”dən başqa hansı klubda forma geyməyi istərdin?
- Bu barədə heç vaxt fikirləşməmişəm. Mənim üçün doğma klub "İnter”dir. Çünki bu komandanın yetirməsiyəm. Məncə, karyeramı da burada davam etdirmək daha məqsədəuyğundur.
- Bundan sonrakı karyeranda sənə uğurlar...
- Çox sağ olun.
premyerliqa.az
|