"Neftçi”nin bombardirinə 7 ay oynamaq qadağan edilib Azərbaycan çempionu "İnter”in "Birlik kuboku” turnirində rəqiblərindən olan "Neftçi” (Qırğızıstanın) çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, ölkə çempionu ən yaxşı bombardiri Talay Cumatayevin xidmətindən məhrumdur. Yığmanın düşərgəsinə qatılmaqdan imtina etdiyi üçün Qırğızıstan Futbol Federasiyası tərəfindən 7 aylıq yaşıl meydanlardan kənarlaşdırılan hücumçu "Birlik kuboku”nda da çıxış etməyəcək.
Qeyd edək ki, "İnter” və "Neftçi” gələn il yanvarın 14-23-də Rusiyada keçiriləcək "Birlik kuboku”nun A qrupunda yer alıblar. ___________________________________________________________________________________________________
"İskra-Stal”ın rəsmisi: "Birlik kuboku”na təcrübə yığmağa gedirik "Birlik kuboku”nda əsas vəzifəmiz bizim üçün yeni olan turnirdə özümüzü sınamaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın "İskra-Stal” klubunun İdarə Heyətinin sədri İlya Freydkin deyib.
Bakının "İnter” klubunun bir ay sonra Rusiyada keçiriləcək "Birlik kuboku”nda əsas rəqiblərindən olan Rıbnitsa təmsilçisi ölkəsinin son gümüş medalçısıdır. Moldovanın son illərdə dəyişməz çempionu olan "Şerif” turnirdən imtina etdiyi üçün Sankt-Peterburqa yollanacaq "İskra-Stal” debütantdır. Freydkin ilk dəfə çıxış edəcəkləri turnirə təcrübə toplamaq kimi baxır: "Belə turnirlərdə təcrübə yığmaq istəyirik. Əlbəttə, buna çempionatın II mərhələsinə hazırlıq kimi baxırıq. Daha konkret vəzifəni turnirə az qalmış müəyyənləşdirəcəyik. Əlbəttə, qrupdan növbəti mərhələyə çıxmağa çalışacağıq”.
Komandaya son 2 ildə əvvəl çempionatın bürünc, sonra gümüş medalını qazandıran, avrokuboklarda debüt etdirən Vlad Qoyan artıq baş məşqçi postunu tərk edib. Freydkin yeni çalışdırıcı ilə bağlı axtarışda olduqlarını bildirib: "Vlad İvanoviç özü bunun təşəbbüskarı idi, gedişini elan etdi. Bu, qarşılıqlı qərar idi. Qoyanın gedişinin səbəblərini ondan soruşmaq lazımdır. Klub rəhbərliyi ona 3 ildə gördüyü işlərə, qazanılan nəticələrə görə minnətdarlıq etdi. Qoyanın yeni komandası "Tiraspol” olacaq. Biz yeni məşqçi axtarırıq və artıq bir neçə namizədlər var. Yeni çalışdırıcımızın adını tezliklə açıqlayacağıq”.
____________________________________________________________________________________________________
Vasili Rayko: Ən çətin oyunumuz "İnter”ə qarşı olacaq - MÜSAHİBƏ
"Birlik kuboku” turnirində "İnter” klubunun rəqibi olacaq Moldova çempionatının gümüş medalçısı "İskra-Stal”ın icraçı-direktoru Vasili Raykonun apasport.az saytına müsahibəsi
- "Birlik kuboku”nun püşkü son çempionumuzu komandanızla bir qrupa saldı. Təəssüratlarınız necədir? - Yaxşı. Azərbaycan futbolu indi yüksəlişdədir. Fikrimcə, "İnter” futbolunuzun liderlərindən biridir. Bizə "Birlik kuboku”nda belə güclü komanda ilə görüşmək xoş olacaq.
- Sizcə, güclü qrupa düşmüsüz, yoxsa püşkdə bəxtiniz gətirib? - İndi deyə bilmərəm ki, qrupumuzda kim güclüdür, kim zəif. Hesab edirəm ki, ümumilikdə qrupumuz bərabərdir və hazırda kiminsə üstün olmasından danışmaq düzgün olmazdı.
- "İnter”i qrupunuzun favoriti sayırsınız? - Sayıram. Məncə, komandanız turnirin əsas favoritlərindir. Hər halda, bizdən fərqli, siz artıq "Birlik kuboku”nda iştirak etmisiniz.
- 2009-cu ildə "İnter” turnirin yarımfinalında Qazaxıstanın "Aktobe” klubuna uduzdu. Bu dəfə isə komandamız kuboku qazanmağı qarşısına vəzifə qoyub... - Bu, "İnter”in iddiasının böyük olmasından xəbər verir. Azərbaycan çempionu ilə qüvvəmizi sınamaq bizim üçün yaxşı bir sınaqdır. Hesab edirəm ki, qrupumuzda ən çətin və vacib oyunumuz "İnter”ə qarşı olacaq.
- "İnter” haqda konkret hansı informasiyaya maliksiniz? Rəqibdən kimləri tanıyırsınız? - İndi hansısa informasiyaya malik deyiləm. Ancaq bilirəm ki, təcrübəli komandadır. Hətta bildiyimə görə, orada vaxtilə moldovalı futbolçular oynayıb. Fikrimcə, onların köməyi ilə klubunuz haqda dolğun informasiya yığacağıq.
- Ümumiyyətlə, turnirdə qarşınızda hansı vəzifə durur? - Biz turnirin debütantı sayılırıq. Ancaq buna baxmayaraq, layiqli çıxış edəcəyimizi düşünürük. "Birlik kuboku”nda hansı nəticə qazanacağımızı isə turnir göstərəcək.
- Baş məşqçiniz Vlad Qoyan postunu tərk edib... - Bəli. Onun hara getməsi haqda dəqiq informasiyaya malik deyiləm.
- Qoyanın "Tiraspol”un sükan arxasına keçdiyi deyilir. Onun yerinə kimi təyin edəcəyinizi müəyyənləşdirmisiniz? - Hələlik yeni baş məşqçimizin adını sizə deyə bilmərəm.
- Hər halda, axtarışlarınız davam edir, namizədləriniz var. - Doğrudur. Müəyyən məşqçilər dairəsi var və onları nəzərdən keçiririk. Kimi seçib, anlaşacağımız haqda sonra məlumat verəcəyik. Həmin vaxt sizdə bu haqda informasiya olacaq.
- Məsələ bu ayın sonuna kimi həll olunacaq? - Bəli. Əlbəttə, həmin vaxta kimi baş məşqçi məsələsini həll edəcəyik.
- Onun ilk sınağı "Birlik kuboku”na təsadüf edəcək. Yeni məşqçiyə tanımadığı komanda ilə turnirdə çətin olmayacaq? - Fikrimcə, ilk mərhələdə müəyyən problemlər olacaq. Əlbəttə, bu, qaçılmazdır. Ancaq işin gedişində çətinliklərimizi yoluna qoyacağıq.
- "İnter” "Birlik kuboku”na Türkiyənin Antalya şəhərində hazırlaşacaq. Bəs siz? - Biz ölkədən kənara çıxmayacağıq.
- "İnter” orada yoxlama oyunları keçirəcək. Ora hansısa nümayəndənizi göndərmək fikrindəsiniz? - İndi bu məsələ gündəmdə deyil.
- Moldova klublarının avrokuboklarda bizimlə oyunları uğurlu alınır. Bunun nəticəsidir ki, həmişə mərhələni siz adlamısınız. Bunu psixoloji baxımdan üstünlük sayırsınız? - Ola bilsin ki, həmin vaxt Azərbaycan futbolunun səviyyəsi bir az aşağı olub. Ancaq indi bunun belə olduğunu iddia edə bilmərəm. Deyə bilmərəm ki, Moldova klublarının hazırda Azərbaycan komandalarından üstünlüyü var. Futbolunuz indi yüksəlişdə olduğundan, yaxşı klublarınız var.
- Son illərdə daim çempionunuz olan "Şerif”in 2 dəfə qazandığı "Birlik kuboku”nda iştirakdan imtinasından sonra bu məsuliyyət altına girmək çətin deyildi ki? - Bir az çətindir. Çünki məsuliyyət böyükdür və ölkəni layiqli təmsil etməlisən. Əlbəttə, biz "Şerif”dən geri qalırıq. Ancaq debütdə layiqli çıxış edəcəyimizlə bağlı fikrimdə qalıram.
____________________________________________________________________________________________________
Azərbaycan çempionu "İnter” klubunun Rusiyada keçiriləcək "Birlik kuboku”ndakı rəqibləri münasib komandalardır. Apasport.az saytının məlumatına görə, təmsilçimizin hər 3 rəqibi yarışın debütantlarıdır.
Lakin buna baxmayaraq, həm Moldova, həm Qırğızıstan, həm də Tacikistan klubları ilə dəfələrlə görüşmüşük.
"Birlik kuboku”nda son ölkə çempionu "Neftçi” ilə təmsil olunacaq Qırğızıstan klubları bizimkilər üçün daim "asan yem” olub. Bu ölkədən olan rəqiblər tarix boyu bizə qol vura bilməyiblər. Lakin "İnter” üçün qırğızlar məğlubedilməz sayılır.
"Şəmkir” 23.01.2001 "Jaştık-AK-Altın” (Qırğızıstan) - 6:0
"Bakı” 21.01.2007 "Dordoy-Dinamo” (Qırğızıstan) - 2:0
"İnter” 17.01.2009 "Dordoy-Dinamo” (Qırğızıstan) - 0:0
Daha çox – 8 dəfə qarşılaşdığımız Tacikistan təmsilçiləri də bizimkilərə müqavimət göstərməkdə çətinlik çəkir. 6 dəfə məğlub etdiyimiz orta asiyalılar yalnız 2 qələbəyə seviniblər. Bunların da sonuncusu təxminən 9 il əvvəl qeydə alınıb. "İstiqlal”a qədər digər tacik klubu "Regar-TadAZ” da "İnter”in qurbanı olmuşdu.
"Qarabağ” 29.01.1994 "Sitora” (Tacikistan) - 4:0
"Neftçi” 31.01.1995 "Sitora” (Tacikistan) - 1:0 27.01.1996 "Pamir” (Tacikistan) - 2:3 14.01.2006 "Vaxş” (Tacikistan) - 3:0
"Şəmkir” 19.01.2002 "Regar-TadAZ” (Tacikistan) - 1:3
"Xəzər Lənkəran” 20.01.2008 "Regar TadAZ” (Tacikistan) - 2:1
"Bakı” 16.01.2010 "Vaxş "(Tacikistan) - 2:0
"İnter” 21.01.2009 "Regar-TadAZ” (Tacikistan) 2:0
Moldovalılar isə komandalarımız üçün çətin rəqib sayılır. Hər halda, indiyədək 3 dəfə onlar, 1 dəfə biz qalib gəlmişik. Düzdür, heç-heçə bitən 2 qarşılaşmadan birinin penalti seriyası da xeyrimizə olub. Lakin ümumi balans moldovalıların üstünlüyündən xəbər verir. Amma bir məsələ də var ki, bu dəfə rəqib nə "Şerif”, nə də "Zimbru”dur. "İskra-Stal” bu iki klubla müqayisədə xeyli zəif sayılır. Onlar yarışdan imtina edən "Şerif”in turnirdəki əvəzləyiciləridir.
"Neftçi” 26.01.1997 "Zimbru” (Moldova) - 1:2 15.01.2005 "Şerif” (Moldova) - 1:0
"Kəpəz” 25.01.2000 "Zimbru” (Moldova) - 0:3
"Qarabağ-Azərsun” 18.01.2004 "Şerif” (Moldova) - 0:0
"Bakı” 20.01.2007 "Şerif” (Moldova) - 3:4
"Xəzər-Lənkəran” 23.01.2008 "Şerif” (Moldova) 2:2, pen. 5:3
apasport.az
|