Unibank Premyer Liqasının açılış turunda "İnter" komandasının
heyətində gənc futbolçular da yer almışdılar."İnter" futbol məktəbinin
yetirməsi olan Asif Mirili 90 dəqiqə boyu meydanda mübarizə aparıb gözəl
oyunu ilə azərkeşlərin könlünü oxşadı."Turan" komandası ilə oyun
haqqında premyerliqa.az saytına danışan Asif Mirilinin müsahibəsini
təqdim edirik:
Mirili, öncə oyundan başladı: "Hər zaman çempionatın ilk turları
çətin keçir. Ancaq şükür Allaha bizim üçün hər şey yaxşı qutardı.
Oyunumuz yaxşı alındı və hücumlarımızın da nəticəsini gördük. İkinci
hissədə təhlükəli hücumlarımız var idi. Əsas odur ki, bir qol vurub
qələbəmizi təyin etdik. Qazandığımız üç xala görə sevinirik. Məncə
rəqibi hər bir cəhətdən üstələdik. Həm fiziki cəhətdən, həm də
taktiki-texniki cəhətdən də "Turan"dan güclü olduq".
Gənc futbolçu oyunun ilk dəqiqələrində həyəcanlı olduğunu etiraf
etdi: "Düzünü desəm, qarşılaşmanın ilk dəqiqələrində həyəcanlı idim.
Ancaq dəqiqələr keçdikcə həyəcan yox olurdu. Çünki fikrim oyunda idi,
həmçinin komanda yoldaşlarım da mənə dəstək olurdular. Buna görə də
onlara təşəkkür edirəm".
"Turan"la matça start heyətində çıxan Mirili, baş məşqçinin bu
qərarının onun üçün gözlənilməz olduğunu dedi: "Açığını deyim, start
heyətində meydançaya çıxacağımı gözləmirdim. Yəni bu mənim üçün
gözlənilməz oldu. Buna baxmayaraq, mən özümü oyuna tam hazır hiss
edirdim. Təbii ki, mən Kaxaber Sxadadzeyə də ancaq minnətdər ola
bilərəm. Bu cür komandada məni start heyətində meydançaya buraxdığına
görə baş məşqçiyə minnətdəram. Öz oyunuma bələdəm. Bundan da yaxşı çıxış
edə bilərdim. İnşallah qarşıdaki turlarda daha yaxşı çıxış edəcəyimə
əminəm".
Yarımmüdafiənin mərkəzində yer alan Asif, qarşılaşmanın 83-cü
dəqiqəsindən sonra baş məşqçinin tapşırığı ilə hücumameyilli çıxış etdi.
Hətta bir-iki epizodda gənc futbolçunun qol imkanları da oldu:
"Şəhriyar Rəhimov meydançaya çıxandan sonra o, tək dayaq yarımmüdafiəçi
oynadı. Baş məşqçinin də tapşırığı ilə mən hücumçuya yaxın oynayırdım.
Yaxaladığım qol epizodundan yaralansaydım, daha yaxşı olardı".
"İnter" qarşıdaki turda "Qarabağ"ın qonağı olacaq. Asif, bu oyuna da
üç xal üçün çıxacaqlarını bildirirərkən, özünün oynayıb-oynamayacağını
dəqiq bilmədiyini söylədi: "Qarabağ"la görüş də çətin olacaq. İnşallah
həmin oyuna da qələbə üçün çıxacağıq. Özümə gəldikdə, "Qarabağ"la matça
çıxıb-çıxmayacağımı dəqiq bilmirəm. Qarşıdaki turlarda da şans verilsə,
"İnter"in qələbəsi üçün əlimdən gələni etməyə hazıram"
Mənbə: premyerliqa.az Mirbağırağa Cəfərli
|