Mövsümə "Xəzər Lənkəran”da başlayan, ancaq sonradan ehtiyata düşərək qış fasiləsi dövründə keçmiş klubu "İnter”ə icarəyə verilən Asif Məmmədov burada öz oyunu tapa bildi. "Bankirlər”in heyətində uğurlu oyunlar keçirən yarımmüdafiəçi hətta məxsus olduğu "Xəzər Lənkəran”a qol da vurmuş və sevincini çılğınlıqla qeyd etmişdi. Artıq mövsüm başa çatıb və futbolçunun karyerasını harada davam etdirəcəyi maraqla gözlənilir. "Xəzər Lənkəran”la hələ birillik müqaviləsi qüvvədə olan Məmmədov bölgə təmsilçisinə dönə bilər. 24 yaşlı futbolçu "Çempion” qəzetinə açıqlamasında "İnter”də qalmaq istədiyini dilə gətirdi: "Düzünü desəm, hələ heç bir xəbər yoxdur. Yəni "Xəzər Lənkəran”a dönəcəyəm, yoxsa "İnter”də qalacağam, bu barədə mənə heç bir məlumat verilməyib. Klub rəhbərliyi ilə də görüşümüz olmalıdır. Yəni bayrama görə istirahətdəyik. Ancaq sizə açığını deyim ki, mən "İnter”də qalmağın tərəfdarıyam. Çünki "Xəzər Lənkəran”da oynamaq şansı qazanmadım və icarə əsasında "İnter”ə qayıtdım. Burada isə şans verildi, oynadım və nəyə qadir olduğumu göstərdim. "İnter”də yenidən özümə güvənim artdı. Yəqin ki, çərşənbə günü rəhbərliklə görüşümüz olacaq. Məndən olsa, "İnter”də qalaram. Çünki burada özümü çox rahat hiss edirəm, oyunum da alınır, Kaxaber Sxadadze mənə güvənir. Ancaq təbii ki, burada "Xəzər Lənkəran” rəhbərliyinin verəcəyi qərardan çox şey asılıdır. Onların da qərarına hörmətlə yanaşıram”. Çoxları Məmmədovun iki klub arasında seçimini gözlədiyi vaxtda futbolçu başqa bir kluba da keçə biləcəyini istisna etmədi: "Başqa bir komandaya da keçmək imkanım var. Bu, ilk "altılıq” klubudur. Ancaq ortada konkret heç nə yoxdur. Ola bilsin ki, nə "İnter”də qaldım, nə də "Xəzər Lənkəran”a qayıtdım
|