"Biz hələ ilk yarıda AZAL-la görüşün taleyini həll etməli idik. Həmin vaxt hesab 3:0 bizim xeyrimizə olmalıydı. Ancaq təəssüf ki, qol imkanlarımızın heç birindən istifadə edə bilmədik”. Bu fikirlər Bakının "İnter” klubunun futbolçusu Aleksandr Çertoqanov aiddir.
Milli komandamızın da üzvü olan yarımmüdafiəçi Türkiyə yığması üzərində tarixi qələbədən sonra çempionatımızda 0:5 hesablı məğlubiyyət yaşadı. Çertoqanov AZAL-la oyunda belə məğlubiyyətə layiq olmadıqlarını düşünür: "Həmin gün bizim günümüz deyildi. Birinci hissədə iki elə 100 faizli qol imkanını boşa verdik ki... Bir epizodda rəqib topu boş qapıdan çıxardı. İkinci hissənin əvvəlində lazımsız qol buraxdıq. Bundan sonra irəli atıldıq və qapımızda 2-ci qolu gördük. Ardından özümüzü toparlaya bilmədik. Çoxlu səhvlərimiz oldu, açıldıq, oyunumuz dağıldı. Böyük qüvvə ilə hücuma atıldığımız zaman müdafiədə böyük boşluqlar yarandı. Rəqib də bundan istifadə edərək, 5:0 hesablı qələbə qazandı. Belə demək olar ki, bu, bizim üçün soyuq bir duş oldu”.
Son çempion cari mövsümdə qeyri-sabit çıxış edir. Artıq 3 məğlubiyyət alan "İnter” lider "Neftçi”dən 4 xal geri qalır: "Bizdə yığmanın oyunlarından sonra uğursuzluq olur. Deməzdim ki, şəxsən mənim üçün həm yığmada, həm də klubda oynamaq çətindir. Sadəcə, "İnter”də yığmalarının üzvləri olan çoxlu legionerlər var. Milliyə gedib-gəlmək, uçuşlar, yol yorğunluğu öz sözünü deyir. Gələndən 2 gün sonra çempionatda oyuna çıxmalı olursan. Belə qrafikdə sabit oynaya bilmirsən”.
"İnter”də maliyyə problemlərinin olması haqda xeyli müddətdir söz-söhbətlər gəzir. Çempionluğa görə mükafatını aldığını deyən Aleksandr maaşlarda gecikdirmələr olduğunu təsdiqlədi: "Əlbəttə, bu da az rol oynamır. Biz meydana çıxanda ilk növbədə komandanın uğurunu düşünürük. Ancaq futbolçuya pul qazanmaq da lazımdır. Çünki çoxunun ailəsi, uşaqları var. 2 ay maaş gecikəndə, eyni həvəslə oynamaq olmur. Bu, mənəvi baxımdan təsir edir. Deyirlər ki, çətinlik var, dözün. Biz də dözürük”.
Mənbə: Apasport.az saytı
|