"Sloveniyada yaxşı toplanış keçdik. Həm zəif, həm
də güclü komandalarla qüvvəmizi sınadıq. İngiltərə Premyer Liqasının
debütantı "Suonsi" ilə görüşdə fərqli təcrübə qazandıq. İnanıram ki,
Sloveniya hazırlığı bizə birinci dövrə boyunca kömək olacaq". Bu sözləri
apasport.az saytına açıqlamasında Bakının "İnter" klubunun
yarımmüdafiəçisi Asif Məmmədov deyib.
Məmmədov Sloveniya toplanışı çərçivəsində keçirilən yoxlama görüşlərinin
hamısında forma geyinib. O, Premyer Liqa oyunları zamanı da əsas heyət
üzvü olacağına inanır: "Baş məşqçi Kaxaber Sxadadze ilə aramızda heç bir
problem yoxdur. Özümü Premyer Liqaya hazır sayıram. Yoxlama
oyunlarındakı futbolumdan razı qalıb. İnanıram ki, Premyer Liqada da
mütəmadi çıxış etmək şansı qazanacağam. Əlbəttə ki, hazırlıq
matçlarındakı oyunuma arxalanmıram. Əgər, yaxşı formada olduğuma
güvənib, hazırlıqlara səthi yanaşsam, bu mənim əleyhimə işləyəcək".
Məmmədov "İnter”lə yanaşı, Azərbaycan millisinin də əsas futbolçusuna
çevrilmək niyyətindədir: "Aşağı yaş qrupları üzrə bütün milli
komandalarda oynamışam. Məqsədim əsas milliyə çağırılmaqdır. Bunun üçün
ilk növbədə öz klubumda normal futbol nümayiş etdirməliyəm. İnanıram ki,
öz oyunumla Foqtsu məni yığmaya çağırmağa məcbur edəcəyəm. Foqts
zaman-zaman gənc futbolçulara güvənib. Ona görə də millinin formasını
geyinəcəyimə ümidvaram".
Qeyd edək ki, Asif Məmmədov "İnter"dən başqa "Xəzər Lənkəran" və "Standard"ın da uğurları üçün çalışıb. Mənbə:apasport.az
|