Transfer çalışmalarını davam etdirən "İnter" heyətinə daha iki futbolçu qatıb. Azerisport.az xəbər verir ki, qapıçılar Elşən Poladov və Revaz Tevdoradze ilə birillik müqavilə imzalanıb. Qeyd edək ki, Elşən Poladov 2006-cı ildə "İnter"də oynayıb. Onun son klubu isə "Kəpəz" olub. Gürcüstanlı qapıçı Revaz Tevdoradze isə karyerası ərzində öz ölkəsinin "Norçi Dinamo", "Tbilisi", "Dila" Qori, "Merani", "Qaqra" və "Batumi" klublarında çıxış edib. Onun son komandası isə "Çıkura Saçkhere" olub. Bununla yanaşı, qapıçı 2011-ci ildə legioner həyatı yaşayıb və Latviyanın "Olimpi Balti" klubunun şərəfini qoruyub. Qeyd edək ki, hər iki futbolçu artıq "İnter"in sıralarına qoşularaq komandanın Türkiyədəki təlim-məşq toplanışında iştirak edir. "Bankirlər” bundan öncə Georgi Adamiya, Slavço Georgiyevski və Tales Şützü də heyətlərinə qatmışdılar. Bundan əlavə Rüstəm Abbasov "Simurq”da icarədən qayıdıb və "Sumqayıt”ın futbolçusu Ramil Həşimzadə ilə hərtərəfli razılıq əldə olunub.
|