Premyer Liqanın bürünc medalçısı olan "İnter”in bir araya gələcəyi vaxt müəyyənləşib. Klubun baş meneceri Səbuhi Səfiyarlı açıqlamasında istirahətə buraxılan komandanın növbəti mövsümə hazırlıq məqsədilə iyunun 1-də bir araya gələcəklərini bildirib. Ölkəmizi Avroliqada təmsil edən "bankirlər” məhz həmin vaxt turnirə hazırlığa başlayacaq: "Bu turnirə hazırlıq məqsədilə 2 təlim-məşq toplanışımız nəzərdə tutulub. Hər ikisi xaricdə olacaq. Ancaq konkret hansı ölkələrdə hazırlıq keçəcəyimiz hələ dəqiqləşməyib. Buna 3-4 günə aydınlıq gələcək. Hazırlıq planlarımıza iyunun 17-də keçiriləcək püşkatma da təsir edəcək. Belə ki, rəqibimizi öyrənəndən, ilk oyunu evdə, yoxsa səfərdə keçirəcəyimizi biləndən sonra planlarımızı buna uyğun quracağıq. İlk matçı səfərdə keçirməli olsaq, Avropada qalaraq, hazırlığımızı davam etdirmək, elə oradan birbaşa oyunun keçiriləcəyi yollanmağımız mümkündür”.
Təbii ki, "İnter”ə Avropada ölkəmizi layiqincə təmsil etmək üçün transfer işlərinə xüsusi diqqət yetirmək vacibdir. Bu mənada heyətin gücləndirilməyi çox vacibdir. AZAL-da məhsuldar çıxışı ilə yadda qalan polşalı hücumçu Tades Şütsü transfer etməyə hazırlaşan "bankirlər” bunu məhz ön xəttin gücləndirilməyi üçün edir. Hər halda, "İnter” bürünc medalçı olsa da, cəmi 29 qol vuraraq, bəzi 2-ci "altılıq” təmsilçilərindən də az fərqlənib. Əvəzində cəmi 21 qol buraxan "bankirlər”in arxa xətti etibarlığı ilə seçilir.
Səfiyarlı əsasən hücum xəttinə diqqət yetirəcəklərini bildirib: "Təbii ki, yeni transferlər nəzərdə tutulub. Ancaq hələ bu haqda danışmaq tezdir. İlk növbədə hansı futbolçularımızla yolları ayıracağımızı müəyyənləşdirib, onların yerinə oyunçular gətirəcəyik. Hansı futbolçularımız ki, az oynayıb, komandaya az fayda verib, onları yola salacağıq. Bir sıra oyunçularımız, əsasən legionerlərin müqavilələr bitib. Bizə lazım olanlarla anlaşmanı uzadıb, lazım olmayanlarla yollarımızı ayıracağıq. Komandamız ötən mövsüm az qol vurduğundan, əsasən hücumçu və hücumameylli futbolçulara ehtiyacımız var. Müqaviləsi olan futbolçularımız azdır və onlardan transferə çıxarılanlar gözlənilmir. Ola bilər ki, yeni legionerlərlə yanaşı, yerli futbolçular da transfer etdik”.
Bakılıların müqaviləsi bitən legionerlərdən çexiyalı Bronislav Çervenka, latviyalı Girts Karlson və bolqar Enyo Krastovçevlə yollarını ayıracağı gözlənilir. Son 5 ildə komandanın şərəfini qoruyan 37 yaşlı Çervenka çempionatımızda ən yaşlı legionerdisə, digər ikisi əsas heyətə düşməkdə çətinlik çəkən hücumçulardır.
Qeyd edək ki, "İnter” Avroliqanın növbəti mövsümündə ilk oyununu iyulun əvvəlində keçirəcək.
|