"Artıq "Qarabağ”dan getmişəm. Bu klubla müqaviləm başa çatdı və yeni anlaşma imzaladıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında "Qarabağ”ın sabiq futbolçusu Georgi Adamiya deyib.
Hazırda vətəni Gürcüstanda olan 31 yaşlı hücumçu 2010-cu ilin qışından şərəfini qoruduğu Ağdam təmsilçisi ilə yollarını rəsmən ayırdığını bildirib. Onun sözlərinə görə, yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər: "Müqaviləm bitdiyindən, bu klubla bağlılığım qalmayıb. "Qarabağ” Avroliqaya düşmək uğrunda mübarizə aparırdı. Ancaq buna nail bilmədik. Bunun səbəbləri ilə bağlı geniş təhlil etdikdən sonra fikir bildirmək olar”.
Adamiyanın karyerasını "İnter”də davam etdirəcəyi gözlənilir. O, həmyerlilərinin çoxluq təşkil etdiyi bu klubdan ona maraq olduğunu gizlətmədi: "İnter” məni heyətində görmək istəyir və keçidlə bağlı danışıqlar aparırıq. Ancaq indi 100 faiz deyə bilmərəm ki, məhz bu komandaya keçəcəyəm. Buna qarşıdakı günlərdə aydınlıq gələcək. "İnter” gələcək karyeramla bağlı variantlardan biridir. Əlbəttə, burada həmyerlilərimin çox olmağı, "Qarabağ”dan fərqli, "İnter” Avroliqada oynamağı seçimimə təsir edə bilər. Uzun müddətdir Azərbaycanda oynadığımdan, karyeramı burada davam etdirmək istərdim. Ola bilər ki, xaricdə oynayım. Ancaq hazırda əsas diqqətimi Azərbaycan klubuna keçməyə yönəltmişəm”.
Qeyd edək ki, Adamiya 2005-ci ilin qışından fasiləsiz ölkəmizə çıxış edərək, "Qarabağ”a qədər şərəfini qoruduğu "Neftçi” və "Bakı” ilə çempion olub. O, ağdamlıların heyətində oynadığı ilk 2 ildə bürünc medal qazanıb, ötən mövsüm Premyer Liqamızın bombardiri olub.
|