"Oyun çətin keçdi. Çünki qol buraxmaq istəmirdik. Lazım olan bir qol idi ki, onu da vurub qələbə qazandıq. Bizim üçün hər şey yaxşı qutardı". Bu sözləri "İnter"in yarımmüdafiəçisi Asif Məmmədov Sportal.az-a açıqlamasında deyib. 25 yaşlı futbolçu qolu vaxtında vurduqlarını bildirib: "Məncə, qolu elə vaxtında vurduq. Qol vurmaq üçün tələsmirdik. Tələssəydik, öz qapımızda qol görərdik. Sakit oynayıb, hücumlar edib qol vurmağı istəyirdik. Hamı bilirdi ki, bu matç bizim üçün çox önəmlidi. Buna görə də, oyundan öncə komandada həyəcan var idi. Elə bu səbəbdən də oyun lap istədiyimiz kimi də alınmadı". Məmmədov matçdan öncə "Bakı"nın "İnter"ə bilərəkdən uduzacağı ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirməyi unutmayıb: "Oyuna baxanlar gördü ki, meydanda təmiz mübarizə getdi. "Bakı" cavan futbolçulara üstünlük vermişdi ki, onlar özlərini göstərsin. Cavan futbolçuları da çox yaxşı təsir bağışladı. Bizim üçün də çətinlik yaratdılar. Heç vaxt heç bir məşqçi cavan futbolçuya deməz ki, çıx meydana uduz. Ona heç elə söz demək olar? Bunlar hamısı boş-boş söhbətlərdi". Cinah yarımmüdafiəçisi mövsümü dəyərləndirərkən, çempionluğun əldən getdiyinə təəssüfləndiyini də gizlətməyib: "Çempion da ola bilərdik. Amma bu istəyimiz reallaşmadığına görə, təəssüflənirik. Yaxşı mübarizə apardıq. Amma mart ayında komandada eniş hiss edildi. Buna baxmayaraq mövsümün bizim üçün uğurlu keçdiyini deyə bilərəm. Əksəriyyət heç "İnter"in bu heyətlə heç ilk "altılığ"a da düşəcəyini gözləmirdi. Açığı, elə biz Avropa Liqası üçün oynayırdıq. Sadəcə bir ara çempionluq şansımız da yarandı. Ancaq çempionluq əldən çıxandan sonra, yenə Avropa Liqasına düşmək üçün oynadıq. Bu heyətlə Avropa Liqasına düşmək pis nəticə deyil. Bunun da öhdəsindən gəldik". Asif, Avropa Liqasında uğurlu çıxış edəcəklərinə də inandığını dilə gətirib: "Ötən mövsüm "Lex" kimi rəqiblə başa-baş mübarizə apardıq. Sadəcə penaltilər seriyasında bəxtimiz gətirmədi. Mən istəməzdim ki, elə bir rəqiblə qarşılaşaq. Avropa Liqasında da yaxşı hazırlaşmalıyıq. Qrupa düşmək inandırıcı deyil. Ən azından İnşAllah heç olmasa 1-2 tur keçək".
Məmmədov qarşıdakı mövsüm də "İnter"in heyətində olacağını vurğulayıb: "Komanda ilə qışa kimi müqaviləm var. Yeni müqavilə də təklif olunub. Çox güman ki, qarşıdakı mövsüm də "İnter"də olacam". Mənbə:sportal.az
|